BAKI, 18 avqust — Sputnik. Avqustun 18-də Bakıda Niderland Xarici İşlər Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə Açıq Hökumət Tərəfdaşlığı Dialoq Platformasının (AHT Platforması) həyata keçirdiyi "Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə" layihəsi çərçivəsində jurnalistlər üçün təlim keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev Açıq Hökumət Platforması barədə məlumat verib, layihə çərçivəsində görülən işlər barədə danışıb: "Ötən ilin sentyabr ayında “Açıq Hökumət”in təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq yaradılan Platforma bu müddət ərzində çox əhəmiyyətli işlər görüb. Platforma Azərbaycanda "Açıq hökumət" təşəbbüslərinin tətbiqi ilə bağlı vətəndaş cəmiyyəti ilə məsləhətləşmə mexanizmi kimi çıxış edir. Platforma vətəndaş cəmiyyəti-hökumət dialoqunu dəstəkləməklə açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edir".
O, açıq hökumət tərəfdaşlığı ilə bağlı AHT Platformasının təkliflər hazırladığını və yaxın zamanda hökumətə təqdim ediləcəyini deyib.
Ə. Nuriyev bildirib ki, "Açıq hökumət" təşəbbüsü əsas prinsipləri ilk növbədə vətəndaş iştirakçılığının təmin edilməsi, informasiya əldə edilməsi imkanlarının genişləndirilməsi, hökumətin fəaliyyətində şəffaflıq və hesabatlılığın həyata keçirilməsi və bütövlükdə idarəetmənin həyata keçirilməsində informasiya-kommunikasiya və innovativ texnologiyanın tətbiqi ilə bağlıdır. “Açıq Hökumət”in təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında məhz bu prinsiplərin həyata keçirilməsi ilə bağlı 60 qədər tədbir nəzərdə tutulub. Bunların da 32-si vətəndaş cəmiyyəti tərəfindən irəli sürülüb, qəbul edilib. Bu təşəbbüsün ən mühüm prinsiplərindən biri də vətəndaş iştirakçılığının genişləndirilməsidir. Hökumət bu layihəni maraqla qarşılayır.
Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi Azərbaycanla əlaqələri gücləndirdiklərini deyib: "Azərbaycan gənc dövlətdir, bu ölkədə demokratiya, insan hüquqlarının təbliği, açıq hökumət tərəfdaşlığı ilə bağlı qanunlar qəbul edilib. Niderland da bu sahədə inkişafa yardım göstərmək niyyətindədir. Həyata keçirilən bu layihə də bu nümunələrdən biridir. Bu layihə insan hüquqlarının qorunması və qanunun aliliyinə yardım göstərəcək. Açıq hökumət, şəffaflıq açıq bazar iqtisadiyyatının, demokratik ölkənin qurulmasına yardımdır. Bu layihə Azərbaycan hökumətinin bu sahədə maraqlı olduğunu, tədbirlər həyata keçirdiyini göstərir".
Təlimdə "Açıq hökumət tərəfdaşlığı və yaxşı idarəetmə" mövzusunda çıxış edən layihənin koordinatoru Sabit Bağırov layihə çərçivəsində görülən işlərdən danışıb: "Layihə çərçivəsində 10 istiqamətdə monitorinq başa çatıb. Məsələn, Milli Məclisdə büdcə müzakirələrində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, iri dövlət müəssisələrinin idarəedilməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətlərini misal göstərmək olar. Layihə çərçivəsində 19 "dəyirmi masa" keçirilib. Bütün tədbirlərdə 550-ə yaxın iştirakçı olub. 30-a yaxın dövlət qurumunun, 15 beynəlxalq təşkilatın nümayəndələri tədbirlərə qatılıb".
"Konstitusiya" Araşdırmalar Fondunun eksperti Zaur İbrahmli isə AHT Platformasının 2017-2020-ci illər üçün Strateji Planından danışıb. O, bildirib ki, 9 sentyabr 2016-cı il tarixdə "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, QHT təmsilçilərinin və dövlət qurumlarının iştirakı ilə Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub.
Onun sözlərinə görə, Platformanın formatı elə müəyyənləşib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti təşkilatları bir müstəvidə birbaşa təmasa və müzakirələrə nail ola bilsinlər. Platforma bu imkanı təqdim edir. Qərarlar hər iki tərəfin iştirakı ilə müzakirə olunur və qəbul edilir. Açıq Hökumət Platformasının hər bir üzvünün hüquq bərabərliyi təmin olunub. Platformanın Əsasnaməsinə uyğun olaraq qərarlar 2/3 səs çoxluğu ilə qəbul edilir. Açıq hökumət təşəbbüslərinə hökumət və dövlət qurumları tərəfdaşı kimi çıxış edirlər.
Təlimdə müzakirələr aparılıb, suallar cavablandırılıb.