İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 18 avqust — Sputnik. Bəzi sürücülər avtomobillərinin şüşəsinə müxtəlif yazılar yazır, şüşəyə böyük şəkillər vururlar. Avtomobillərdə "Bəlkə satdım" "Satılır", "Satır məni" və digər bu kimi yarızarafat, yarıciddi reklam lövhələrinə yəqin ki, rast gəlmisiniz. Yaxud, avtomobilin arxa şüşəsində müxtəlif rənglərlə "Allahu Əkbər", "Ya Əli", "mən filankəsəm", sükan arxasında bəhmənkəsdir" şüarlarının yapışdırılması halları ilə qarşılaşmısınız. Bu, qanunla qadağan edilsə də, bəzi sürücülər buna əhəmiyyət vermir.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a bildirib ki, heç bir nəqliyyat istifadəçisi qoyulan qadağadan, qanunvericiliyin tələbindən kənara çıxa bilməz. İstənilən halda avtomobilin qarşısında, arxasında reklamın vurulmasına icazə verilmir. Hər bir halda avtomobillərə reklam vurulması Dövlət Yol Polisi ilə razılaşdırılmalıdır. Reklamla bağlı texniki şəhadətnamə alınmalıdır. Bundan sonra hansısa reklam avtomobilə yerləşdirilə bilər: "Avtomobillərə "SATILIR" sözünün vurulması da kommersiya məqsədi daşıyır. O da reklamdır. Amma mənsub olduğu şirkətlə bağlı adın yazılması və ya loqonun vurulması reklam hesab edilmir. Bu qanunvericiliyə edilən yeni dəyişikliklərdə də əksini tapıb".
K. Əliyev bildirir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi ilə tənzimlənir: "428.5 maddədə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir".
Qeyd edək ki, "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nın 4-cü hissəsinə əsasən nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən verilən razılığa əsasən həyata keçirilir.
Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobilində reklam vurdurmaq istəyən şəxs ərizə formasını dolduraraq tələb edilən sənədlərlə birlikdə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir: "Azərbaycan qeydiyyatlı, texniki baxımdan saz və müvafiq qaydalara uyğun olan avtomobillər reklam daşıyıcı ola bilər. Ancaq sürücü reklamı avtomobilin istənilən hissəsinə vura bilməz. Reklamlar minik avtomobillərində və mikroavtobuslarda qapılara (arxa qapıdan başqa) və qanadların yan səthlərində, tramvay, trolleybus və avtobusların banında pəncərə xəttinə qədər olan arxa və yan səthlərdə, yük, yük-sərnişin, yük-furqon, qoşqu və yarımqoşquların banının arxa və yan səthlərində, motosikletlərin yanacaq çənlərində və alətlər qutusunun qapağında yer ala bilər. Qanuna görə, nəqliyyat vasitələrində reklam lövhələrinin, lövhəciklərinin, işıqlanan tabloların və bunlara bənzər reklamların yerləşdirilməsinə yol verilmir".
Müsahibimiz deyib ki, reklamla nəqliyyat vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir. Əgər belə olarsa, həmin sürücüləri inzibati cərimə gözləyir. Nəqliyyat vasitəsinin arxa hissəsində firma nişanı, telefonlar, loqotiplər və ünvan göstərilə bilər. Bu halda reklam nəqliyyat vasitəsinin arxa hissəsinin ümumi sahənin 40 faizindən çox olmamalıdır.
Həmidli həmçinin qeyd edib ki, avtomobillərin ön hissəsində reklam yerləşdirmək qadağandır: "İxtisaslaşdırılmış nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qadağandır. Ətrafları qapalı nəqliyyat vasitələrinin üzərində reklam verilə bilər. Burada reklamın həcmi ümumi sahənin 60 faizindən çox olmamalıdır. Nəqliyyat vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə təzad yaradan rənglə çərçivəyə ayrılmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır. Nəqliyyat vasitələrində dövlət qeydiyyat nişanları və dövlət fərqlənmə nişanlarının görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazları və şüşələrdə reklam yerləşdirilməsi, istehsalçı zavod tərəfindən nəzərdə tutulmamış xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır".
Fərid Həmidli bildirib ki, dövlət standartına müvafiq olaraq rəng qrafikası olan təyinatlı avtomobillər reklam yayılması üçün istifadə edilə bilməz. Xüsusi nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə və sairə oxşar reklamların nəqliyyat vasitələrində yayılmasına icazə verilmir. Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı rəng materiallarından istifadə olunmamalıdır. Reklam müqavilə ilə nəzərdə tutulmuş müddətdə yayıla bilər.