BAKI, 16 avqust — Sputnik. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Rusiyanın baş qərargah rəisi Valeri Gerasimovun İdlibdəki vəziyyəti müzakirə etmək üçün Türkiyəyə gələcəyini açıqlayıb.
Sputnik Türkiyə xəbər verir ki, Çavuşoğlu "Rusiya, Türkiyənin YPG ilə bağlı mövqeyini ABŞ-dan daha yaxşı başa düşür" deyib.
Çavuşoğlu İraq Kürdüstan Regional Rəhbərliyinin referendum qərarından imtina edəcəyini gözlədiklərini deyib.
"Ölkə (İraq) bu qədər problem yaşayarkən müstəqillik referendumu keçirmək ölkədəki vəziyyəti daha da gərginləşdirə bilər. Allah qorusun, vətəndaş müharibəsinə qədər gedib çıxa bilər" — deyə TRT Haber-ə müsahibəsində xarici işlər naziri bildirib.
O, ABŞ-ın hər ay YPG-yə nə qədər silah verdiyi barədə raportu onlara göndərdiyini söyləyib.
"Sonuncu dəfə üçüncü raportu göndərdilər. Zirehli texnika və buldozer verdiklərini, silah vermədiklərini yazıblar" — deyə Çavuşoğlu bildirib.
Nazir deyib ki, koalisiya qüvvələri Telafər əməliyyatından sonra buranı türkmənlərə verməlidir.