CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yasamalda daha bir qarşıdurma: sakinlər niyə küçələrə çıxdı

© Sputnik / Murad OrujovYasamal sakinlərinin etiraz aksiyası
Yasamal sakinlərinin etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlərin sözlərinə görə, Abbas Mirzə Şərifzadə bina 37-nin qarşısından başlayaraq, bütün ərazi hasarlanır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Bu gün günorta saatlarında Abbas Mirzə Şərifzadə və Xıdır Mustafayev küçəsinin sakinləri Yasamal rayon ASAN Xidmətin yaxınlığında etiraz aksiyası keçirib. Sputnik Azərbaycanın əməkdaşı ərazidə olub və sakinlərin şikayətlərini dinləyib.

Sakinlərin sözlərinə görə, "Pilot Residensy" tikinti şirkəti ilə aralarındakı mübahisə hələ ötən ilin dekabr ayından başlayıb. Şirkət nümayəndələri ara-sıra evlərə gələrək ərazidə yeni binaların tikiləcəyi barədə məlumat verib. Sakinlər bildirirlər ki, evlərin söküləcəyi barədə şayiələr gəzsə də, şirkətin nümayəndələri onlarla konkret söhbət etməyib, qarşılıqlı razılığa gəlməyib. Onlara heç müqavilələrin əsli də təqdim edilməyib.

© Sputnik / Murad OrujovEtirazçı sakinlər
Etirazçı sakinlər - Sputnik Azərbaycan
Etirazçı sakinlər

Sakin Qəni Qəniyev bildirir ki, bu günə qədər şirkət və sakinlər arasında danışıqlar olmayıb: "Bu gün gəlib mağazaların, evlərin qarşısını dəmir lövhələrlə çəpərləyirlər. Hansı haqla? Mən niyə vətəndaşı olduğum ölkədə, sahibi olduğum evdə məhbus kimi yaşamalıyam? Nə haqla mənim gün işığımın qarşısı alınır? Nə haqla mənə deyirlər ki, hasarın arxasında otur, evin söküləcək? Biz niyə İbrahim Mehdiyevin (Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı – red.) qanunsuz əməllərindən əziyyət çəkməliyik? Kömək üçün Prezident İlham Əliyevə müraciət etmişik".

© Sputnik / Murad OrujovƏrazyə çəkiləcək hasarın dirəklərini basdırmaq üçün qazılan quyular
Ərazyə çəkiləcək hasarın dirəklərini basdırmaq üçün qazılan quyular - Sputnik Azərbaycan
Ərazyə çəkiləcək hasarın dirəklərini basdırmaq üçün qazılan quyular

Qəni Qəniyevin sözlərinə görə, 61 ildir bu ərazidə yaşayır və evindən köçmək istəmir: "Mənə deyirlər ki, bu yaşında köç, get 3 il kirayə yaşa. 3 ildən sonra bina hazır olacaq sənə ev veriləcək. Mənim kirayədə yaşayan vaxtım deyil. Az da olsa həyətim var. Hava almaq istəyəndə çıxıb otururam həyətdə. İndi hansısa şirkət çıxıb ortaya deyir ki, köçün. Mən bu evdən köçməyəcəyəm. Bura mənim ata-baba yurdumdur".

Q. Qəniyev həmçinin bildirir ki, onlara şirkət tərəfindən təqdim edilən müqavilələr hüquqi baxımdan etibarlı deyil. Onun sözlərinə görə, təqdim edilən müqavilələrə imza, möhür vurulmayıb və konkret binanın təqdim edilmə tarixi də göstərilməyib: "Mən adi bir şirkətin müqaviləsinə niyə inanmalıyam?"

Sakin şirkətə inanmadığını və evindən çıxmayacağını bildirir.

© Sputnik / Murad OrujovQəni Qəniyev (sağda) və Arzu Əsgərov
Qəni Qəniyev (sağda) və Arzu Əsgərov  - Sputnik Azərbaycan
Qəni Qəniyev (sağda) və Arzu Əsgərov

Qarabağ müharibəsi veteranı Arzu Əsgərov bildirir ki, onun evi və həyətyanı sahəsi var. Şirkət sakinin yerini əlindən almaq arzusunda olsa da, ona həmin ölçüdə mənzil vermək istəmir: "Mənim çıxarışlı 159 kvadrat metr yerim var. Məni şirkətin nümayəndəsi çağırıb deyir ki, sənə 82 kvadrat metr mənzil verə biləcəyəm. Deyirəm niyə elə. Deyir siz də məni başa düşün də, bəs biz nə qazanaq?"

Digər sakin Esmiralda Cəfərovanın sözlərinə görə, şirkətdən ona bildiriblər ki, evi qəzalıdır: "Mənim evim həyət evidir. Birincisi qəzalı deyil, ikincisi qəzalıdırsa, özüm təmir edib yaşayaram. Bundan kimə nə? Şəhərdə o qədər qəzalı yataqxanalar var kı! Gedib onları təmir, bərpa etsinlər. 60 ildir bu evdə yaşayıram. Niyə evimdən çıxmalıyam? Özü də məcburi şəkildə çıxardırlar. Bu gün hasar çəkmək istəyənlər suallarımıza cavab verə bilmədi ki, bu hasarı çəkməyin məqsədi nədir? Bizi niyə həbs etmək istəyirlər?"

Sakinlərin sözlərinə görə, Abbas Mirzə Şərifzadə bina 37-nin qarşısından başlayaraq, bütün ərazi hasarlanır. İstisna ancaq KTV-nin binasıdır ki, həmin ərazinin qarşısı hasara alınmayıb.

© Sputnik / Murad OrujovBəhruz Eyvazov
Bəhruz Eyvazov - Sputnik Azərbaycan
Bəhruz Eyvazov

Sakin Bəhruz Eyvazov bizə həyətini göstərir və deyir ki, həyət evində heç bir qəzalı vəziyyət yoxdur: "Babam müharibə veteranı olub. Dövlət bizə bu ərazini bağışlayıb, çıxarışımız da var. İndi bir şirkət çıxıb ortaya deyir ki, çıx. Niyə çıxmalıyam? Baxın həyətim, evim qəzalı deyil".

Onu da qeyd edək ki, artıq Şərifzadə küçəsinin arxasında olan Xıdır Mustafayev küçəsində iki mənzil tamamilə sökülüb. Söküntü zamanı yaxınlıqdakı mənzillərə də ziyan dəyib, mənzillər zədələnib. Sakinlər bildirir ki, evlərdən çıxarılan materiallar şirkət nümayəndələri tərəfindən satılır.

© Sputnik / Murad OrujovXıdır Mustafayev küçəsindəki sökülmüş ev
Xıdır Mustafayev küçəsindəki sökülmüş ev - Sputnik Azərbaycan
Xıdır Mustafayev küçəsindəki sökülmüş ev

Ərazidə şirkətin nümayəndəsi olsa da, o özünü təqdim etməkdən boyun qaçırdı və rəsmi məlumat verə bilməyəcyini bildirdi.

Sakinlər Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevdən olan şikayətlərini ölkə prezidentinə çatdırmağımızı xahiş etdilər.

Xatırladaq ki, əraziyə Yasamal rayon Polis İdarəsinin işçiləri cəlb edilmişdi. Polis sakinlərlə şirkət nümayəndələri arasında qarşıdurmanın olmamasına nəzarət edirdi.

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Hadisə yerində olduğumuz zaman sakini Qəni Qəniyevin vəziyyəti pisləşdi. Ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkən kişiyə yardım edilməsi üçün əraziyə “təcili yardım” çağırıldı.

Xəbər lenti
0