BAKI, 16 avqust — Sputnik. Rusiya əhalisinin demək olar ki yarısı son bir ildə daha az spirtli içki qəbul edib, 39%-i isə demək olar ki, tamamilə içki içməyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (ÜİRÖM) keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir.
"Məişət narkotikləri"nə tələbat aşağı düşüb.
Sosioloqlar Rusiyada alkoqola tələbatın aşağı düşdüyünü qeyd edirlər. Onların verdiyi məlumata görə, 2009-cu ildə rəyi soruşulanların dörddə biri spirtli içki içmədiyini bildirmişdi. Cari ildə isə rəyi soruşulanların 39%-i (onların 47%-i qadınlar və 18-24 yaşlı gənclər olub) alkoqollu içki içmədiyini bildirib.
Vətəndaşların 59%-i hərdənbir içki içir, əksər hallarda isə ayda bir neçə dəfə. Respondentlərin 16%-i ayda sadəcə 2-3 dəfə içki içdiyini bildirib ki, onların da 23%-i kişi, 11%-i qadındır. Burada çoxluq 25-34 və 35-44 yaşlıların payına düşür.
Respondentlərin sadəcə 4%-i daha çox alkoqol qəbul etdiyini etiraf edib. Sorğu iştirakçılarının 44%-i isə alkoqolu azaltdıqlarını bildiriblər.
Bu göstəriciləri şərh edən ÜİRÖM-un informasiya siyasəti və kommunikasiya texnologiyaları təcrübəsinin rəhbəri Kirill Rodin "məişət narkotiki" adlandırılan narkotik qrupunun istifadəçilərinin sayının sabit şəkildə aşağı düşməsinin vacibliyini qeyd edib. O, təkcə alkoqoldan istifadənin deyil, tütün məhsullarından istifadənin də azaldılmasının zəruri olduğunu deyib.
"Digər tərəfdən, biz hesab edirik ki, sağlam həyat tərzi daha geniş yayılır. Qeyd etmək lazımdır ki, bu tendensiya özünü qabarıq şəkildə daha çox gənclər mühitində göstərir" — deyə ekspert əlavə edib.
Ziyansız alkoqol necə olur?
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, rusların böyük əksəriyyəti (80%) alkoqolun bütün növlərinin bu və ya digər dərəcədə neqativ təsirlərinin olduğundan əmindirlər. Bu fikirlə hətta spirtli içki içənlərin də əksəriyyəti (65%) razıdır.
Rəyi soruşulanların sadəcə 15%-i alkoqolun orqanizmə zərərli olmadığını düşünür. Onlar şərab, pivə və konyakın ziyanlı olmadığı qənaətindədirlər.
Lakin spirtli içkini necə qəbul etmək məsələsinə gəldikdə, rusiyalıların çoxu bu barədə suala cavab verə bilməyib (58%). 28% hesab edir ki, tez-tez, lakin az-az içmək məsləhətdir. 14% isə hərdən, amma böyük miqdarda içməyin tərəfdarıdır.
Sorğu avqustun 3-4-də 1200 nəfər arasında telefon müsahibəsi formasında keçirilib.