QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağın tut arağı: həm keyfiyyətli içki, həm də can dərmanı

Abunə olmaq
Ev şəraitində arağın hazırlanması üsulu fərqli olduğu kimi, dadı da fərqlidir. Məhz buna görə də ev şəraitində hazırlanan, xüsusilə də tut arağına maraq çox böyükdür. Necə deyərlər, tut arağının dadını yalnız ondan dadanlar bilər.

Tərkibində orqanizm üçün faydalı olan bir çox maddəni birləşdirən arağın hazırlanması barədə insanların əksəriyyəti məlumatsızdır. Azərbaycanda tut arağı ölkənin bir çox yerində çəkilsə də, onun əsas məskəni Qarabağ hesab olunur. Qarabağın əksər ərazisi hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olsa da, əhalisinin əksəriyyəti məcburi köçkün düşsə də, o ənənəni yaşadırlar.

Füzuli rayonunun Gorazıllı kəndindən məcburi köçkün düşmüş və hazırda Qax rayonunda məskunlaşmış Maarif Avdıyev uzun illərdir fərdi qaydada öz istifadəsi üçün araq hazırlayır. Hər işin özünəməxsus incəliklərinin olduğunu bildirən qəhrəmanımız araq hazırlayarkən bir çox nüanslara diqqət yetirmək lazım olduğunu deyir.

Xammal kimi həyətində yetişdirdiyi tutdan istifadə edən müsahibimizin fikrincə, tutdan hazırlanan araq daha keyfiyyətli, daha dadlı olur. Ev şəraitində hazırlanan arağın dadının dükanda satılan araqdan fərqləndiyini bildirən Maarif deyir:

"Biz adətən dükandan araq almırdıq. Qarabağda tut mövsümü gələndə hamı araq üçün ehtiyat tədbirləri görürdü və biz özümüz üçün tut arağı çəkirdik. Ondan şəhərdə yaşayan tanışlara, qohum-əqrəbaya pay da verirdik. Əziz qonaqlara tut arağı təklif edirdik. Baxmayaraq ki, indi torpaqlarımız işğal altındadır, camaatımız ölkənin müxtəlif regionlarına səpələnib, biz yenə də bu ənənəni saxlayır, məskunlaşdığımız yerdə öz istifadəmiz üçün tut arağı çəkirik. Biz tut arağını həm də dərman əvəzinə istifadə edirik."

Ev şəraitində arağın hazırlanma qaydası da diqqət çəkir. Bu proses o qədər də asan başa gəlmir. Bundan başqa, azacıq diqqətsizlik böyük fəsadlara yol aça bilər. Belə ki, arağın hazırlanmasında hansısa qaydaya əməl olunmaması ondan istifadə edən insanın zəhərlənməsinə səbəb ola bilər.

Araq çəkilməzdən əvvəl tut xüsusi qablara yığılır və xüsusi hava keçirməyən qablarda 1 ay saxlanılır. Tutun tərkibində olan şəkər spirtə çevrilir. Sonra xüsusi aparata tökür ki, bu da qazandan, onun başına bərkidilən sərpuşdan, trubadan və soyutma sistemindən ibarətdir.

Bir ay ərzində hava keçirməyən qabda saxlanaraq qıcqırdılmış tut cecəsi ocağın üstündəki qazana tökülür. Cecənin üzərinə müəyyən qədər su əlavə edilir ki, qaynayan zaman cecə yanmasın. Prosesin düzgün getməsi üçün qazan ucuna truba bərkidilmiş sərpuşla kip bağlanır. Qazanın ağzından buxarın çıxması ehtimalı olan yerə xəmir vurulur. Ocaq güclü yandırılır və qazandakı cecə qaynamağa başlayır. Qaynama nəticəsində buxar əmələ gəlir, spirt yüngül olduğuna görə ilk əmələ gələn buxar demək olar ki, spirtdən ibarət olur. Qazanda əmələ gəlmiş buxar əvvəlcədən soyuq suya yerləşdirilmiş buxar trubasına keçir. Truba soyuq olduğuna görə həmin buxar maye halına çevrilir və trubadan damcılar şəklində qaba tökülür. Spirt gələn trubanın ağzına kömür qoyulmuş tənzif bağlanır ki, bu da həm spirt itkisinin qarşısını alır, həm də, spirtin tərkibindəki lazımsız, zərərli maddələrin xaric olunmasına kömək edir. Bununla birinci mərhələ başa çatır.

Birinci mərhələdə alınan arağın spirtlik dərəcəsi 30-40 olur. İkinci mərhələdə qazan və turba təmiz yuyulur, birinci mərhələdə alınan araq qazana tökülür, qazanın ağzı kip bağlanır, qazan ocağın üzərinə qoyulur və təkrar qaynadılır. Təkrar qaynamada alınan arağın spirtlik dərəcəsi 60-70 olur. Spirt həvəskarları onu 3-cü dəfə də çəkə bilərlər. Bu zaman 90-95%-lik spitr əldə etmək mümkündür. Onu adətən distillə edilmiş suya qatmaqla normallaşdıraraq içirlər. Həm də bu spirt tibbi məqsədlər üçün istifadə edilir.

Adamlar adətən belə yüksək dərəcəli spirit içməyə meyl göstərmirlər. Dahi Nizami Gəncəvi demişkən, "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da". Yəni arağı dərəcədən və normadan artıq içəndə, o, ciddi fəsadlar yaradır.

Xəbər lenti
0