BAKI, 16 avqust — Sputnik. Hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən ölkə vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi "Volkswagen" markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib. Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.