BAKI, 16 avgust — Sputnik. İspaniya çimərliklərindən birində turistlərin selfi çəkdirdiyi bala delfin ölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə dəniz canlılarını mühafizə edən Equinac təşkilatı öz facebook səhifəsində yayıb.
Təşkilatın məlumatına görə, insident avqustun 11-də Andalusiyadakı Moxakar kurortunda yaşanıb. Anasını itirən bala delfin üzərək çimərliyə gəlib.
Burada istirahət edənlər delfini sudan çıxararaq onu tumarlayıblar və selfi çəkdiriblər. 15 dəqiqə sonra çimərlikdə Equinac xilasediciləri peyda olub. Lakin onlar gələn zaman körpə delfin artıq ölübmüş.
Ekspertin sözlərinə görə, insanların əlinə düşən körpə güclü stress keçirib. Bu şok delfinin ürək-damar sisteminə və nəfəs yollarına neqativ təsir göstərib. Bu da dəniz canlısının ölümünə səbəb olub.
Equinac bildirib ki, turistlər selfi çəkdirməkdənsə xilasedicilərə təcili xəbər verməli idilər. "Körpə delfin insanların marağının qurbanı olub" — deyə mütəxəssislər təəssüflə bildiriblər.
Analoji hadisə 2016-cı ilin fevralında Argentina kurortlarının birində qeydə alınmışdı. O zaman da çimərlikdə istirahət edənlər delfinlə şəkil və selfi çəkdirməklə onu ölənə qədər incitmişdilər.