CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu tapıntı Azərbaycana xeyli turist cəlb edəcək

© Sputnik / Kemale AliyevaСкалы Гобустана
Скалы Гобустана - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il Qobustan Milli Tarix Bədii Qoruğunda altı yeni təsvirli daş aşkar edilib

BAKI, 16 avqust — Sputnik. Cari ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix Bədii Qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində "Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi" çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatını uğurla davam etdiriblər. Builki çöl tədqiqatların başlanmasından qısa müddət keçməsinə baxmayaraq, qoruğun ərazisində artıq altı yeni təsvirli daş aşkar edilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində qoruğun əməkdaşı Rəhman Abdullayev deyib. Onun sözlərinə görə, daşlarda aşkar edilmiş 20-dən artıq qayaüstü təsvirlər, əsasən Yazılıtəpə üçün xarakterik olan Tunc dövrünə aid keçi təsvirləri, antropomorflar, maral təsviri və geometrik işarələrdən ibarətdir. Bununla yanaşı, əvvəllər qeydə alınmış qayalarda müasir qeydiyyat metodlarının tətbiqi nəticəsində yeni təsvirlər də qeydə alınıb.

R. Abdullayev bildirib ki, əldə olunan bu nəticələr laboratoriya şəraitində digər daşların eskizlərinin hazırlanması zamanı daha çox yeni təsvirlərin müəyyən ediləcəyini güman etməyə əsas verir.

"Ümumiyyətlə qoruqda ötən ildən qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsinə başlanılıb. Layihənin məqsədi müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaqdır. İlk olaraq Cingirdağ-Yazılıtəpə sahəsindəki təsvirli daşların sənədləşdirilməsinə başlanılıb. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Hər bir təsvirli daşın fotoları çəkilərək, 3D modeli düzəldilmiş, yeni formatda hazırlanmış qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş və yeni rəqəmsal metodla eskizləri çıxarılmışdır. Tədqiqat zamanı müasir metodların tətbiqi nəticəsində yeni təsvirlər aşkar edilib",- deyə qoruğun əməkdaşı söyləyib.

O əlavə edib ki, 2016-cı ildə tədqiqat layihəsinin ilkin nəticələri albom-kitab şəklində nəşr olunub. Kitabda nəşr olunmuş 14 təsvirli daşın 3-ü 2016-cı ildə çöl-tədqiqatı zamanı aşkar edilib. Bu 3 daşın üzərində ümumilikdə 44 təsvir müəyyən olunmaqla qeydiyyata götürülüb. Digər 11 daşda isə əvvəllər məlum olan 112 təsvirdən əlavə 94 yeni təsvir aşkar edilib. Ümumilikdə bu kitabda nəşr olunmuş 250 təsvirin 138-i yeni aşkar olunandır.

Vurğulanıb ki, yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır, tariximizin öyrənilməsi üçün tutarlı mənbə kimi istifadə edilir.

Xəbər lenti
0