BAKI, 13 avqust — Sputnik. Xərçəng xəstələri aptekdən dərmanları alırlar. Amma bu dərmanlar onlara qətiyyən kömək eləmir, əksinə, vəziyyətləri getdikcə ağırlaşır. Onlar gah həkimləri, gah da onların dərdinə əlac tapa bilməyən tibb elmini günahlandırırlar. Əslində isə, bir çox hallarda xəstələrin dərdinin yüngülləşməsinə saxta dərmanlar mane olur. Daha doğrusu, saxta dərmanları orijinal adı ilə xərçəng xəstələrinə sırıyan möhtəkirlər.
Ötən gün Türkiyədəki bir evdə baş verən yanğın şoka salan gerçəyi üzə çıxarıb. İstanbulun Fatih bölgəsindəki bir evdəki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının tüstüsü çəkilərkən, ortaya ilginc mənzərə çıxıb. Sərin yerdə və steril şəraitdə saxlanılması vacib olan 2 min 573 qutu xərçəng və diabet dərmanı bu evdə saxlanma şərtlərinə uyğun olmayan halda aşkarlanıb.
Araşdırma zamanı Sosial Təhlükəsizlik İdarəsinin fakturasına yazılan saxta reseptlər əsasında əldə edilən dərmanların 3 milyon 250 min türk lirəsi dəyərində olduğu müəyyən edilib. İstanbulun hüquq-mühafizə orqanları saxta dərman biznesilə məşğul olan qruplaşmanın izinə düşüb.
Hadisədən sonra saxlanılan ev sahibi istintaqa verdiyi ifadədə evini dərman biznesi ilə məşğul olan şəxslərə kirayəyə verdiyini bildirib.
Polis, dərman mafiyasının üzvü olduğu bildirilən Suriya vətəndaşı N.E.A.-nı gecə yarısı həyata keçirdiyi əməliyyat nəticəsində yaxalayıb.
Məlum olub ki, cinayətkar qruplaşma üzvlərinin dərman paylarını oğurladıqları yüzlərlə xərçəng xəstəsi çıxılmaz vəziyyətə düşüb. Dövlətdən güzəştli dərman alan xərçəng xəstələrindən biri müəyyən edib ki, heç getmədiyi Şanlıurfadaki bir xəstəxanada onun şəxsi məlumatlarından istifadə olunmaqla resept hazırlanıb və o resept əsasında da dərman alınıb. Ələ keçirilən dərmanların kimlərin adına alındığının təsbit edilməsi üçün müvafiq sənədlər Səhiyyə İdarəsinə göndərilib.
Polis hazırda bu dərman cinayəti ilə bağlı üç versiya üzərində işləyir:
- Həkimlər xərçəng xəstələrinin müalicəsində istifadə olunacaq dərmanları bir reseptə yazırlar. Xəstə ona yazılan 8 qutu dərmanın 2 qutusunu alıb istifadə edir. Qalan 6 qutu isə müvafiq soyuq temperaturda qalması üçün aptekdə saxlanılır. Bu cür xəstələri müəyyən edən dərman mafiyasının üzvləri xəstələrin adına aldıqları saxta reseptlərlə onların güzəştli qiymətlərə olan dərman paylarını apteklərdən alırlar. Dərmanlarının qalanını almaq üçün aptekə gedən həqiqi xəstə dərmanları onun adından kiminsə aldığını eşidərək şoka düşür.
- Qruplaşma üzvləri xərçəng dərmanına çox oxşayan və bazarda çox ucuz olan rentgen aydınlatma dərmanını xərçəng dərmanı qutusuna qoyaraq satışa çıxarır. Xəstələr isə xərçəng dərmanı aldıqlarını və müalicə olunduqlarını düşünürlər. Amma bu dərmanlar heç bir effekt verməyərək xəstənin vəziyyətinin pisləşməsinə səbəb olur.
- Cinayətkar şəbəkə istifadə müddəti keçən xərçəng dərmanlarını toplayır. İstifadə müddətini dəyişdirərək yenidən satışa çıxarır.
Qeyd edək ki, hazırda İstanbulun hüquq-mühafizə orqanları sözügedən dərman mafiyasının saxta dərmanları Türkiyənin başqa ərazilərinə və yaxın xaricə çıxarıb-çıxarmadığını araşdırır. İstanbul Polis İdarəsi firma istehsalı olan bahalı xərçəng dərmanlarının saxta versiyalarının möhtəkirlərin əli ilə Türkiyədən dərman idxal edən ölkələrə də gedib çıxacağından ehtiyatlanır. Odur ki, polis baş vermiş dərman cinayəti ilə əlaqədar Səhiyyə və Gömrük orqanlarını xəbərdar edir.
Azərbaycanlı xərçəng xəstələrinə də Türkiyə istehsalı olan, amma analoqlarından xeyli ucuz satılan dərmanlardan uzaq olmaq tövsiyə edilir.