BAKI, 13 avqust — Sputnik. Türkiyənin Kayseri şəhərində bir binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan Eren Gürpınar adlı şəxs eyvandan və pəncərədən evə girən "sarı qız" adlı 5 hörümcəyi yaxalayıb.
Yaxaladığı hörümcəyi tavaya qoyan və ora ət parçaları atan Gürpınar, hörümcəyin əti yediyini görəndə şok keçirib. Hörümçək növbəti ət tikələrini yeyəndə Gürpınar bu prosesi çəkib.
Həmin görüntüləri Nazirlər Kabinetinin müvafiq strukturuna göndərən və yetkililərlə əlaqə quran Eren Gürpınar, daha sonra bələdiyyə nümayəndələrinin evə gəldiyini bildirərək, "Bələdiyyənin göndərdiyi şəxslər həm binanı, həm də evin içini dərmanladılar, ancaq bizə bu böcəyi öldürən dərmanın Türkiyədə olmadığını söylədilər. Biz 35-50 TL qiymətə (10-15 dollar) olan dərmanlardan alıb dərmanlayırıq ancaq xeyri yoxdur" deyib.
Gürpınar axırıncı hörümçəyi iki gün əvvəl öldürdüyünü, arvadı və qızı ilə qorxudan yata bilmədiklərini bildirib.
Gürpınarın dediyi hörümçək Türkiyədə həm də "sarı Ömər" adı ilə tanınır.
Türkiyəli mütəxəssislər bu ətyeyən həşəratların adamları da yeyə biləcəyini istisna etmirlər. Hələlik onlar tək-tək peyda olduqlarından, adamlar onları öldürə bilirlər. Amma onlar qrup şəklində hücum etsələr, onda onların əlindən xilas olmaq çətin olacaq.
"Sarı Ömər"in Azərbaycanda olub-olmadığını bilən yoxdur. Amma onun Türkiyədə peyda olması göstərir ki, bu ətyeyən həşərat artıq sərhədlərimizə çox yaxındır. Mütəxəssislər bildirirlər ki, son dövrlərdə indiyə qədər elmə məlum olmayan həşəratların sayı çoxalıb. Onların müxtəlif bakterioloji silahlar vasitəsilə yayıldığı, müəyyən iqlim təsirləri sonucunda mutasiyaya uğradığı ehtimal edilir.