BAKI, 11 avqust — Sputnik. Bir neçə gün öncə millət vəkili Fazil Mustafa Bakcell və Azercell-şirkətindən narazı olduğu barədə öz facebook səhifəsində yazmışdı. "Azercell və Bakcell nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən sms gəlir ki siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi cümlətanı 59 qəpik, yəni bir aya 18 manat. Halbuki heç bir xidmətə qoşulmaq ücün xüsusi bir muraciət və s. etmirsən" — deyə Mustafa bildirmişdi.
Millət vəkili həmçinin qeyd etmişdi ki, operatorlarla əlaqə saxlayanda onlar bildirir ki, "bu bizim xidmət deyil filan nömrə ilə əlaqə saxlayın, bu onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən başqa kimdənsə ala bilməz. Nə isə zəng vurursan deyilən nömrəyə bir nəfər, ya xanım, ya bəy cavab verir ki, siz internetde filan saytlara girdikdə bizim xidmətə qoşulmuş saylırsınız. Və beləcə hətta xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı, gözəlim məmləkətimizdə kim- kimi harada tutdu çəkinmədən soyur. Yəni bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir. Bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli rüsvayçı bir durumdur".
Məsələ ilə bağlı Bakcell şirkəti ilə əlaqə saxladıq.
Bakcellin korporativ kommunikasiya bölməsi sualımıza cavab olaraq bildirdilər ki, "Bakcell" MMC mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərməklə qanunazidd olan istənilən əməliyyatların həyata keçirilməsinin əleyhinədir: "Bunu nəzərə alaraq Bakcell bütün tərəfdaşlar ilə müqavilə bağladıqda abunəçilərin istəyi olmadan onlara hər hansı əlavə xidmətlərin göstərilməsi müqabilində balansdan pul çıxılmasına gətirib çıxara biləcək hallardan öz abunəçilərini qoruyur. Hər hansı kontent-provayderin fəaliyyətində mövcud razılaşmalara və qanunvericiliyin tələblərinə zidd olan hərəkətlər aşkar olunduqda Bakcell öz abunəçilərinin maraqlarının təmin olunması məqsədilə həmin kontent-provayderə qarşı sərt tədbirlər görür. Onu da qeyd etmək istəyirik ki, Bakcell abunəçilərinin kontent-provayderlərin təqdim etdiyi istənilən xidmətdən abunəçiliyi pulsuz ləğv edilir".
Şirkətdən həmçinin qeyd etdilər ki, "Bakcell" MMC ilə hər bir kontent-provayder arasında imzalanan standart müqavilənin 3.1.22-ci bəndinə əsasən "kontent-provayder xidmətin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, beynəlxalq hüquqa, o cümlədən əqli hüquqlar, müəllif hüquqları, patent və aidiyyəti hüquqlara dair qanunvericiliyin tələblərinə cavab verilməsi üçün məsuliyyət daşıyır". Başqa sözlə, kontent-provayderlərin təqdim etdiyi xidmətlər müqabilində abunəçilərin balansından çıxılan vəsaitə görə bütün məsuliyyəti həmin xidməti təklif edən sayt və texniki dəstək göstərən əlaqələndirici kontent-provayder daşıyır. Belə ki, abunəçinin daxil olduğu saytda göstərilən xidmətlərə görə məsuliyyət həmin saytın rəhbərliyinə və abunəçi ilə sayt arasında əlaqələndirici olan, yəni texniki dəstək göstərən kontent-provayderin üzərinə düşür.
Qeyd olunan xidmətlərə görə xidmət haqqı mobil operator və kontent-provayder tərəfindən müəyyən olunan qiymət limitləri əsasında xidməti göstərən saytın rəhbərliyi (fiziki və ya hüquqi şəxs) tərəfindən təyin edilir".
Azercell şirkəti ilə əlaqə yaratmaq cəhdlərimiz isə baş tutmadı.