CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atadan qalan 60 illik yadigar: onu oğula ötürmək mümkün olacaqmı?

© Sputnik / Ramil IbrahimovFamil Hümbətov
Famil Hümbətov - Sputnik Azərbaycan
Abunə olmaq
Ustanın yanında onun icazəsi olmadan çəkic vurmaq eyib hesab olunur

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Müasir texnologiyanın inkişafı bir çox qədim sənətlərin tədricən unudulmasına gətirib çıxarır. Əsasən əl əməyi tələb edən belə peşələrin indiki dövrdə əziyyəti çox, qazanci isə az olur. Bu sənətlərdən biri də dəmirçilik peşəsidir.

Bərdə rayonundan olan 46 yaşlı Famil Hümbətov 25 ildir ki, dəmirçilik peşəsi ilə məşğuldur. Əsasən dəmir odun sobaları, borular düzəldir. Dediyinə görə, indi işlədiyi emalatxana 60 ilə yaxındır fəaliyyətdədir. Rayonda yeganə dəmirçi emalatxanasıdır. Bu gün istifadə etdiyi alətlərin arasında eləsi var ki, yaşı yarım əsrdən çoxdur. Emalatxana da ona atasından qalıb.

© Sputnik / Ramil IbrahimovDəmirçi Famil Hümbətov
Dəmirçi Famil Hümbətov  - Sputnik Azərbaycan
Dəmirçi Famil Hümbətov

Emalatxanadakı qayçı 50-55 ildir buradadır. Hansı alətə baxsan, yaşı ən aşağısı 30-40 ildən artıqdır. Famil Hümbətov danışır ki, atası ustalığı Balakəndə öyrənib: “Atam 1958-ci ildə Balakən rayonuna gedib. Orada Şaid adlı sənətkar varmış, onun yanında öyrənib bu sənəti. 1959-cu ildən də Bərdədə işləyib. Düz, 2008-ci ilə qədər. Mən də gözümü açandan atamın sənətkar olduğunu görmüşəm”.

Ustanın sözlərinə görə, onun üçün ən vacib olan, gördüyü işin keyfiyyətidir. Düzəldiyi sobalar mütləq təhlükəsiz olmalıdır. Buna görə də, həmişə tələsmədən və səbirlə işləyir. Yay aylarında hazırladığı sobaları qışda sataraq gəlir əldə edir.

“Bizim işimiz bir tərəfdən qarışqanın işləməsinə bənzəyir. Yayda işləyib yükümüzü yığırıq, qışda düzəltdiklərimizi satıb, dolanırıq” – deyə müsahibimiz əlavə edir.

© Sputnik / Ramil IbrahimovFamil Hümbətov artıq 25 ildir ki, dəmirçilik peşəsi ilə məşğuldur
Famil Hümbətov artıq 25 ildir ki, dəmirçilik peşəsi ilə məşğuldur - Sputnik Azərbaycan
Famil Hümbətov artıq 25 ildir ki, dəmirçilik peşəsi ilə məşğuldur

Famil Hümbətov Sputnik Azərbaycan-a dəmirçilik sənətinin yazılmamış, amma bu günə qədər də ciddi əməl olunan qanunlarından da danışdı.

“Ustanın yanında, o icazə verməmiş, şagirdin əlinə çəkic almağa ixtiyarı yoxdur. İşlədiyi yerdə usta içəri girirsə, şagird gördüyü işi dayandırmalıdır. Sənətkarının yanında onun icazəsi olmadan çəkic vurmaq ayıb hesab olunur. Bu işin ustasına hörmət əlamətidir” – deyə Famil Hümbətov bildirir

Ustanın sözlərinə görə, əvvəllər soba və boruları düzəltmək üçün lazım olan materialları əldə etmək çətin olurmiş. Əksər vaxt dəmiri başqa bölgələrdən sifariş edirlərmiş. İndi dəmir materialları daha rahat almaq olsa da, düzəltdiyi sobalara tələbat azalıb. Səbəb isə bu gün evlərdə odun, neft sobalarını müasir istilik sistemlərinin əvəzləməsidir. Bu gün təkcə soba düzəltməklə qazanc əldə etməyin çətin olduğunu deyən usta, əlavə olaraq dəmir su çənləri, havalandırma boruları da düzəldir.

Üç oğul atası olan Famil Hümbətov dəmirçilik sənətinə sonbeşiyinin marağı olduğunu deyir. Çox istəyir ki, onlardan hansısa ata-baba mirası olan sənəti davam etdirsin. Lakin gündən günə dəmir işinə azalan tələbat bu mirasın davamlı olub-olmayacağını sual altında qoyub.

Xəbər lenti
0