BAKI, 10 avqust — Sputnik. Türkiyədə pilotsuz uçan aparatın köməyi ilə ABŞ hərbi təyyarəsini partlatmaq istəyən rusiyalı saxlanılıb.
Məlumata görə, saxlanılan şəxsın adı Renat Bakiyevdir. Bakiyev İŞİD terror qruplaşmasının üzvüdür.
O, İncirlik hərbi bazasındakı təyyarələrdən birini məhv etmək istəyirmiş. Bakiyev öz velosipedində bazanın ətrafında kəşfiyyat aparırmış.
İncirlik aviabazasından Suriya və İraqda hərbi əməliyyatlar aparan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya istifadə edir.
Türkiyə mətbuatının məlumatına əsasən, terrorçu aksiyanı həyata keçirməklə Türkiyə ilə ABŞ-ın əlaqələrinə zərbə vurmaq niyyətində olub. Onun FETÖ terror təşkilatına bağlı qruplarla sıx təmasda olduğu, onların toplantılarında fəal iştirak etdiyi ortaya çıxıb. Türk şərhçilər Bakiyevin terror aksiyası ilə 2015-ci ilin noyabrındakı hadisələri təkrarlamaq istədiyini düşünürlər. Həmin dövrdə rus təyyarəsi FETÖ-yə bağlı türk pilotlar tərəfindən vurulmuşdu və Rusiya-Türkiyə münasibətlərində dərin bir uçurum əmələ gəlmişdi. Bu dəfə hədəf Türkiyə-ABŞ əlaqələri olub. Onların fikrincə, hadisəni törədənin Rusiya mənşəli olması isə eyni zamanda ikinci Rusiya-Türkiyə münaqişəsinin planlaşdırıldığını göstərir.