"Duzlu göl" müəmması: 50 qəpiyə başa gələn şəfa, yoxsa xəstəlik mənbəyi?

© Sputnik / Irade JELILHövsan- Zığ yolu kənarındakı Duzlu göl
Hövsan- Zığ yolu kənarındakı Duzlu göl - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi çimməyi qadağan etsə də, gölə gedənlərin sayı azalmır, əksinə gündən-günə artır.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Hövsan- Zığ yolu kənarında yerləşən "Duzlu göl" haqqında eşitmişdim, amma yolum düşməmişdi. Deyilənə görə, göldən şəfa tapmaq üçün hər il bura minlərlə insan gəlir. Gölün suyu duzlu və yodla zəngin olduğu üçün əsasən dəri xəstəliklərindən əziyyət çəkənlər gölə gəlir.

Səhiyyə Nazirliyi "Duzlu göl"də çimməyi qadağan etsə də, bu barədə Suraxanı Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, gölə gedənlərin sayı azalmır, əksinə gündən-günə artır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, Hövsan ərazisindəki "Duzlu göl"də çimmək rəsmən qadağan edilib. Çünki göl artıq istifadəyə yararlı deyil. Buna səbəb isə gölün yodlu-bromlu suyunun antropogen təsirə məruz qalmasıdır.

© Sputnik / Irade JELILPalçıq vannasından istifadənin qiyməti 50 qəpikdir
Palçıq vannasından istifadənin qiyməti 50 qəpikdir - Sputnik Azərbaycan
Palçıq vannasından istifadənin qiyməti 50 qəpikdir

Bir neçə gün öncə gölü görmək üçün Hövsana üz tutdum. Bakının mərkəzindən o qədər də uzaq deyil. Hövsan qəsəbəsinə daxil olan kimi, yolun sağ tərəfindən bir qədər içəri gedirsən və qarşısına uçuq-sökük, üzərinə "Kafe" yazılmış bir bina çıxır. İçəri girmək haqqı 50 qəpik olsa da, həmin gün heç kim bizdən bu məbləği istəmədi. Ərazidə müxtəlif obyektlərdə çalışanların sözlərinə görə, həmin səhər Suraxanı Rayon İcra Hakimiyyətinin bir qrup nümayəndəsi əraziyə baxış keçirib və ərazidə olan obyektləri sökməyə başlayıb. Biz həqiqətən də bir neçə yerdə söküntü işlərinin getdiyini müşahidə etdik. Lakin bu gölə gələnləri maraqlandırmırdı.

Sakinlərin dediyinə görə, "Duzlu göl" yaxınlığındakı neftayırma zavodunun sexində 1993-cü ildən Zəngilan, Fizuli və Qubadlıdan olan 40-a yaxın məcburi köçkün ailəsi yaşayır. Elə o vaxtdan sakinlər ərazidə duş, yeməkxana və s. obyektlər tikərək çörəkpulu qazanmağa başlayıblar.

© Sputnik / Irade JELILYerli sakinlər burada yığılan palçığın insan dərisi üçün çox faydalı olduğunu deyirlər
Yerli sakinlər burada yığılan palçığın insan dərisi üçün çox faydalı olduğunu deyirlər - Sputnik Azərbaycan
Yerli sakinlər burada yığılan palçığın insan dərisi üçün çox faydalı olduğunu deyirlər

Gölə əsasən yaşlılar və şəhərimizin qonaqları gəlir. Ruslar, ərəblər gölün sağlamlıq üçün faydalarını eşidib bura təşrif buyururlar. Ərazidə bir neçə yerdə dolu palçıq vannaları vardı. Vannalardan istifadə adambaşına 50 qəpik nəzərdə tutulsa da, bəzən bir ailə palçıqdan istifadə edib 50 qəpik verirdi.

Palçıq vannası qəbul edən Faiq Ömərov deyir ki, uzun illərdir duz gölünə gəlir və gölün faydalarından yararlanır: "Mən dərimdə yaranan problemlərə görə gəlirəm. Bu il artıq 5-ci dəfədir ki, gölə gəlmişəm. Gərək səhər gələsən ki, saat 12-yə qədər 3 dəfə vanna qəbul edə biləsən. Əvvəlcə palçıq, sonra yod vannası qəbul edirəm. Bu mənim dərim üçün çox faydalıdır".

"Duzlu göl"ün faydaları nə qədər çox olsa da, Səhiyyə Nazirliyinin qadağası da səbəbsiz deyil. Gölün suyunun bakterioloji vəziyyəti bir tərəfə, heç ətrafdakı vəziyyət də ürəkaçan deyil. Ərazidə antisanitariya vəziyyəti hökm sürür.

© Sputnik / Irade JELILBurada şəfa tapmaq üçün minlərlə insan gəlir
Burada şəfa tapmaq üçün minlərlə insan gəlir    - Sputnik Azərbaycan
Burada şəfa tapmaq üçün minlərlə insan gəlir

Obyekt sahibləri deyirlər ki, uzun illərdir burada obyekt işlədirlər. İxtiyar Məmmədov adlı şəxsin sözünə görə, obyektləri özləri tikib. Artıq 5 ildir ki, ərazini alan şəxsə 3 ay üçün 2000 manat icarə haqqı ödəyirlər.

Digər obyekt sahibi Surxay Orucov da uzun illərdi ki, bu ərazidə kafe işlədir: "Buranın mövsümü 3 aydır. İyun-iyul-avqust ayları bitəndən sonra bura demək olar ki, heç kim gəlmir. Bizim də qazancımız elə bu 3 ayda olur. Bu qazancla özümü keçindiririk".

Obyekt sahibləri bildirir ki, əraziyə əsasən ruslar və Rusiyada yaşayan azərbaycanlılar üz tutur. Sahibkarlar gölün sanitariya normalara uyğun olmaması fikri ilə razılaşmırlar. Deyirlər ki, burada şəfa tapmaq üçün minlərlə insan gəlir və bu günə qədər heç kim gəlib deməyib ki, göldən məni bu xəstəlik tutdu.

© © KarikaturaMüalicənin fəsadları
Müalicənin fəsadları - Sputnik Azərbaycan
Müalicənin fəsadları

Hazırda Moskvada yaşayan, həmyerlimiz Vaqif Abdullayev bildirir ki, o hər il xüsusi olaraq "Duzlu göl"də çimmək üçün Azərbaycana gəlir. Gölün suyu səpmələrə, qoturluğa və s. dəri xəstəliklərinə qarşı faydalıdır: "Yaxşı olardı ki, bu obyektlər yüksək səviyyədə olsun. Oturub təmiz şəraitdə çay içəsən, şezlonqlar olsun, günəş vannası qəbul edəsən. İndi görürsünüz ki, 2-3 kiçik obyekt var, onlar da sökülür". V. Abdullayev deyir ki, "Duzlu göl"ün suyu şəfaverici olduğu üçün o hər zaman bura gəlməyi düşünür.

Göl ətrafında bütün xidmətlər 50 qəpikdir. Giriş, duş, palçıq vannası, yod vannası, çay, qarğıdalı… Nə istəsən, 50 qəpik.

Gölün ətrafında palçıq vannasına nəzarət edənlər deyir ki, palçığı yığmaq o qədər də asan iş deyil. Çünki palçıq bu gündən sabaha qalmır, quruyur. Buna görə də, onlar hər gün gölə girib, hər yeni gün üçün yeni palçıq yığırlar.

Ərazidə obyekt sahiblərinin çoxu məcburi köçkünlərdir. Dediklərinə görə, ərazidə 20 ildən çoxdur ki, yaşayırlar və elə dolanışıqları da bu göldən çıxır. Dəfələrlə gölün müxtəlif sahibləri ortaya çıxsa da, sonda gölə nəzarət yenə onlarda qalıb.

Onların sözünə görə, yaxın zamanlarda bütün obyektlər söküləcək və yerində standartlara uyğun yeni obyektlər tikiləcək.

Kənardan baxanda vəziyyət ürəkaçan deyil. Amma bu amil nə gölə gələnləri, nə də orada çalışanları narahat etmir.

Xəbər lenti
0