BAKI, 9 avqust — Sputnik. Fövqaladə Hallar Nazirliyinə (FHN) 2017-cı ilin I yarımilliyi ərzində baş verən yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5244 çıxış edilib. Bu barədə Sputnik Azərbaycan-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 1076 çıxış çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar, 2901 çıxış açıq sahələrdə yanğınlar,2 çıxış meşə və meşə talalarında yanğınlar, 155 nəqliyyat vasitələrində yanğınlar, 1110 çıxış isə digər yanğınlarla bağlı olub: "Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 98 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər və ya 94%, xəsarət alanlar üzrə 41 nəfər və ya 72% çoxdur".
Bununla yanaşı 2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 14 hadisə və ya 42% çoxdur. Partlayışlar zamanı 11 nəfər həlak olub, 58 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 1 nəfər xilas edilib.