Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 9 avqust — Sputnik. Lerikdə ötən ayın əvvəlindən başlayan taxıl biçini davam edir. Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, bu il ötən illə müqaisədə taxıl sahələri genişləndirilib. Rayonda taxıl sahələri əsasə dəmyə üsulu ilə becərilir. Lerikli fermerlər bu il 15-25 sentner məhsul götürəcəklərini bildiriblər. Hava şəraitinin əlverişli keçməsi biçin işlərinin vaxtında və keyfiyyətlə görülməsinə zəmin yaradır. Təsərrüfat sahibləri kombayn sarıdan da əziyyət çəkmirlər və taxılı sahələrdən itkisiz toplaya bilirlər.
Lerik Rayonu İcra Hakimiyyətinin rəsmisi Vüqar Mirzəyev Sputnik Azərbaycan-a bildirib ki, Lerikdə bu il 2931 hektar sahədə payızlıq bitkilər əkilib və bu da keçən illə müqaisədə 1000 hektardan çoxdur. Hazırda 1500 hektar sahədə biçin işləri həyata keçirilib. Məlumat üçün bildirək ki, Lerik dağlıq rayon olduğu üçün biçin işləri bu ayın 15-nə kimi davam edəcək.