CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gelandewagen" qəzasının yeni detalları ortaya çıxdı

Abunə olmaq
Nail Allahverdiyevin qurbanları hələ uzun müddət ölüm-dirim mübarizəsi aparmalı olacaqlar

BAKI, 9 avqust — Sputnik. Avqustun 3-də baş vermiş və iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin qurbanları — Türkiyə vətəndaşları Mütəllib və Songün Tekiş cütlüyünün müalicəsi Ankarada davam etdiriləcək. Bu barədə Spurnik Azərbaycan-a Baku Medical Plaza klinikasının baş həkimi Lalə Şəkərova məlumat verib.

Şəkərova qeyd edib ki, vəziyyətləri orta-ağır qiymətləndirilən pasientlərin qohumlarının israrı ilə əlaqədar olaraq onların müalicəsi Türkiyədə davam etdirilir. Pasientlər avqustun 8-də Ankaraya aparılıb. Onlar travma aldıqları üçün uzun müddət müalicə almalı olacaqlar. Mütəllib Tekiş hazırda reanimasiya şöbəsindədir. Onun həyat yoldaşı isə yenidən əməliyyat edilib və vəziyyəti stabilləşdiyindən stasionar müalicəyə buraxılıb.

Qeyd edək ki, onlar avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında baş vermiş və Azərbaycanda böyük rezonans doğurmuş qəzanın qurbanlarıdır. Qəza Azərbaycanın baş nazirini müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi Mercedes Gelandewagen markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı Mazda markalı avtomobilin yarışı zamanı baş vermişdi. Yüksək sürətlə hərəkət edən Gelandewagen-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirmiş, əsas yoldan ikinci dərəcəli yola çıxmış, səkidə dayanan 3 piyadanı vurmuş və nəticədə maşın yanmışdı. 

Mercedes Gelandewagen - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Gelandewagen" olayında adı hallanan deputatdan etiraf: "...mənim də payım var"

Qəza nəticəsində iki nəfər — avtomobilin sərnişini və piyada ölüb. Daha iki piyada — Türkiyə vətəndaşları olan Tekiş cütlüyü isə ağır bədən xəsarətləri ilə Bakıdakı klinikalara çatdırılıb.

Ekspertizanın ilkin rəyinə görə, Allahverdiyev hadisə zamanı həmin yolda maksimal sürət 90 km/saat olduğu halda avtomobili 150 km/saat sürətlə sürürmüş. Yol-nəqliyyat hadisəsi baş verəndən sonra Allahverdiyev taksiyə oturaraq hadisə yerindən dərhal uzaqlaşıb.

Daxili İşlər Nazirliyi hadisə baş verən zaman Mercedes Gelandewagen-in sükanı arxasında onun sahibi Nail Allahverdiyevin olduğunu müəyyən edib. Bazar günü isə Mazda markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov saxlanılıb. Nərimanov rayon məhkəməsi onunla bağlı inzibati həbs qərarı seçib. Allahverdiyev də elə həmin gün saxlanılıb. Xətai rayon məhkəməsi onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0