İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 7 avqust — Sputnik. Son zamanlar telekanallarda tibbi xarakterli proqramların sayı artmaqdadır. Hamıya da məlumdur ki, əslində bu proqramlar tibb ocaqlarının, həkimlərin reklamı üçün nəzərdə tutulub və telekanallar da bu reklamlardan böyük pullar qazanır. Olan isə cəmiyyətə olur. Mütəxəssislərə görə, TV-lərdə yayımlanan tibbi proqramlar cəmiyyətdə total psixozun yaranmasına səbəb olur. Bu hal insanın ruhi sağlamlığını pozur, onu depressiyaya salır, nevroz xəstəsinə çevirir. İnsanların bu vəziyyətdən çıxması isə dərman terapiyası ilə 3-10 il çəkir.
Tibb eksperti Rasif Bağırov Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirir ki, insanlar tibbi proqramlara baxmaqdan yayınmalıdırlar. Onun fikrincə, tibbi verilişlər insan psixologiyasını pozur: "Hər hansı tibbi savadı olmayan vətəndaş bu proqramlara baxanda həmin əlamətləri özündə hiss etməyə başlayır. Tutaq ki, həkim hansısa xəstəliyin əlamətləri haqqında danışır. Tutaq ki, həkim bildirir ki, baş ağrısı beyində şişin əlamətidir. Axı başı heç ağrımayan insan yoxdur. İnsanların heç də hamısı onda həmin xəstəliyin olub-olmadığını dərindən düşünə bilmir. Belə verilişə baxan insan o saat təsir altına düşür. Başlayır düşünməyə ki, onun da başında şiş var. Başlayır bir-bir xəstəxanaları gəzməyə, aparatlardan keçir və onda total psixoz yaranır. Ancaq həmin şəxs o proqrama baxmasaydı, normal insan idi və heç bir xəstəliyi yox idi. Həmin insan ağır psixoloji duruma düşüb, həkim-həkim gəzir".
R. Bağırov bildirir ki, çox zaman həkimlər həkim-xəstə münasibətini də saxlamırlar: "Məsələn USM həkimi xəstəni müayinə edən zaman gördüklərini yüksək səslə deyir. Xəstənin qaraciyərində piylənmə, öd kisəsində bulanıqlıq olduğunu yüksək səslə deyən həkim düşünmür ki, xəstə deyilən sözləri öz beynində özü üçün təhlil edir. Sonradan müalicə həkiminə müraciət edən xəstəyə onda qorxulu xəstəliyin olmadığını deyəndə, o soruşur ki, "necə yəni qorxulu xəstəlik yoxdur, bəs USM həkimi deyir ki, qaraciyərdə piylənmə, öd kisəsində bulanıqlıq var?” Biz o xəstəni həmin psixoloji vəziyyətdən çıxarmaq üçün əziyyət çəkirik. Xəstə var, deyir ki, "doktor, mən USM kabinetindən sənin yanına gələnə qədər o dünyanı görüb gəldim!” İndi özünüz düşünün: biz hələ xəstəxanadayıq, mən xəstəni başa salıram, amma həm xəstə, həm də həkim nə əziyyət çəkir. Əgər xəstə bu barədə televiziyada hansısa proqrama baxırsa nə hala qalır?"
R. Bağırovun sözlərinə görə, TV proqramlara baxdıqdan sonra ertəsi gün həkimə gələ bilməyən insanlarda ağır depressiya, nevroz başlayır. Belə insanlar intensiv müalicələrlə bəlkə 10 ilə özünə gələ bilir: "Mənim xəstələrim var ki, 3 ildir ki, intensiv müalicə alır. Dərmanı kəsən kimi beynində həmin fikirlər yenidən yaranmağa başlayır. Ona görə də bir daha qeyd edim ki, televiziyalarda tibbi proqramlara baxmayın. Tibbi proqramlar cəmiyyəti total psixoz vəziyyətə salır".
Ekspert qeyd edir ki, əvvəllər Rusiya televiziyasında Kaşpirovski adlı bir həkim olub və onu cəmiyyətdə total psixoz yaratmaq üçün hazırlayıblarmış: "Sovet hökumətinin dağıldığı ərəfə idi. Kaşpirovski efirə çıxıb insanlara psixiki təsir edirdi. Hərəyə bir söz deyib, hamını televiziyanın qarşısına yığırdı. Əsas məqsəd isə cəmiyyətdə total psixoz yaratmaq idi. Bir sözü də xüsusilə qeyd edim ki, bəzi həkim–uzmanlar var ki, onlar Azərbaycan dilində təmiz danışmırlar. Mütləq araya türk sözləri qatır, ləhcə ilə danışırlar ki, insanlarda onların savadına qarşı inam yaransın. Bunlar hamısı insanların psixologiyasına təsir etmək üçün hazırlanmış addımlardır. Ən böyük addım isə televiziyalarda gedən proqramlardır. Mən çox insanlarla qarşılaşıram, gəlib deyir ki, "həkim filan proqramda nə deyirsə, bütün əlamətlər məndə var”. Xəstəni başa sala bilmirəm ki, simptomlar bir-birinə bənzəyə bilər. Amma bu o demək deyil ki, siz ağır xəstəsiniz. Sakit, depressiyasız həyat yaşamaq istəyirsinizsə, çalışın ki, tibbi proqramlara baxmayasınız. Yoxsa bu sizin ən az 3 ilinizi ala bilər".