BAKI, 8 avqust — Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycana ikigünlük rəsmi səfərə gəlib. Türkmənistan prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edəcəyi məsələlərdən biri sənaye-energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi olub. Məlumatlara görə, tərəflər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəqlinin mümkünlüyünü müzakirə ediblər. Bununla yanaşı, Xəzər dənizində sərnişin və yük dövriyyəsinin artırılması da müzakirə olunacaq məsələlər arasında olub. Danışıqlar zamanı Xəzərin hüquqi statusuna dair fikir mübadiləsi aparılıb.
Müzakirə olunan məsələlərdən ən önəmlisi təhlükəsizliklə bağlı olub. Qeyd edək ki, Türkmənistan son illər ərzində bu sahədə kifayət qədər problemlərlə üzləşir. Əfqanıstan-Türkmənistan sərhədində problemlər artıb. Burada Türkmənistana müəyyən tərəfdaşlar lazımdır və Azərbaycanla Türkiyə kifayət qədər təcrübələri olduğu üçün belə tərəfdaş ola bilərlər.
Ümumiyyətlə, dünyada baş verənlər fonunda türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığa nail olmaq zəruri hesab olunur. Türk ölkələrinin bir-birilərinə münasibətindəki problemlər də geosiyasi güc mərkəzlərinin iddialarından asılıdır. Türkmənistanla Azərbaycan arasında "Kəpəz" yatağı ilə bağlı gərginliyin yaşanması ciddi problemlər yaradır.
Burada bir sual meydana gəlir — Xəzər dənizindən keçən qaz kəmərlərinin olmamasını nəzərə alaraq, regiondan Avropaya böyük həcmdə qaz nəql oluna bilərmi? Qeyd edək ki, sözügedən məsələnin həlli bir neçə variantlar mövcuddur: bu gün üçün daha mümkün olanı Azərbaycanda və Türkmənistandakı dəniz yataqlarında quraşdırılan müxtəlif platformaların birləşdirilməsi, sonrakı variant isə əlbəttə ki, Türkmənistan və Azərbaycanı birləşdirən təxminən 300 kilometr uzunluğunda olan dəniz boru kəmərləri sistemi — Transxəzər boru kəməri ola bilər.
Türkmənistan Avropa üçün önəmli bir enerji mənbəyinə çevrilməkdədir. Moskvadan enerji asılılığına son qoymaq istəyən Avropaya qaz ixracı türkmənləri cəlbedici müttəfiqə çevirir. Avropa Türkmənistandan qaz almaq üçün konkret qiymət təklif etməyə hazırdır. Lakin Qərb Türkmənistanın qaz yataqlarına yol tapsa belə, ölkənin ixrac kəmərləri şəbəkəsi yenə də Kremlin idarə etdiyi Qazprom şirkətinin nəzarətində olacaq. Rusiya, Çin və Avropa arasında türkmən qazı uğrunda başlamış oyun Türkmənistanın önəmini artırır. Türkmənistan bu müstəvidə hiyləgər oyununu davam etdirir. Belə ki, Rusiyanın Türkmənistan qazının ixracında rolu azalmır, ancaq yeni kəmərlər türkmənlərin qazın qiymətinə dair danışıqlarda mövqeyini gücləndirir. Türkmənistanın öz qapılarını xarici investisiyaların üzünə açmaq qərarının arxasında məhz ölkəsinin Rusiyadan bu sahədə asılılığına son qoymaq məqsədi durur.
Onu da nəzərə alaq ki, region dövlətlərindən İran, Türkmənistan və Azərbaycan istisna olmaqla, digər iki dövlət eyni planlarda iştirak edirlər. Rusiya ilə Qazaxıstan bir neçə ittifaqda bir yerdədirlər. Türkmənistan bitərəf olduğunu elan etsə belə, bu ölkənın qazının dünya bazarına Rusiya vasitəsi ilə çıxarmasını unutmaq olmaz. Deməli, Aşqabadla Moskvanın eyni geosiyasi planlarda iştirak etməsə belə, müəyyən bağlılığı var. Azərbaycan da Rusiya ilə birlikdə iqtisadi və hərbi ittifaqlarda iştirak etmir. Bununla belə, qaz məsələsində qəbul olunacaq qərarlar Azərbaycanın gələcəkdə ittifaqlarda iştirak edib-etməmək qərarına əhəmiyyətli dərəcədə təsir edəcək. Söhbət Xəzər hövzəsi ölkələrinin iştirak etdiyi və ya edəcəyi ittifaqlardan gedir.
Yaxın gələcəkdə Qazaxıstan və Türkmənistanla Azərbaycanın çox güclü iqtisadi əməkdaşlığı üçün kifayət qədər zəmin var. Həm Qazaxıstan, həm də Türkmənistan enerji ehtiyatları bol olan ölkələrdir və Astana neftini, Aşqabad isə qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq perspektivlərinə olduqca diqqətlə yanaşmağa başlayıblar. Sıx əməkdaşlıq hər üç ölkənin iqtisadi və milli maraqlarına xidmət edir. Belə ki, hər ötən gün məhz Azərbaycana Xəzər regionundan Qərbə alternativ ixrac marşrutları açan ölkə kimi daha çox baxılır. Hazırda Azərbaycanın strateji hədəfi, milli maraqlar nəzərə alınmaqla, bütün maraqlı ölkələr arasında münasibətlərdə tarazlığın qorunub saxlanılmasıdır. Xəzər regionu ölkələrinin neft-qaz siyasətinə təsir etmək, bu ölkələr üzərində dominantlıq etmək istəyən ciddi qüvvələrin mövcudluğunu nəzərə alsaq, region dövlətlərinin belə təhlükəli tendensiyalara qarşı birgə çıxmaq istəyi təbii zərurət kimi qəbul edilməlidir. Və Türkmənistan prezidentinin Bakı səfəri də bu zəruri tendensiyadan xəbər verir…