İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 7 avqust — Sputnik. Avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən tələbə yataqxanasının üçüncü mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi yanğın zamanı evsiz qalmış insanların müvəqqəti sığınacağı üçün ərazidə 22 ədəd çadır quraşdırıb ki, burada da 88 nəfər yerləşdirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Sputnik Azərbaycan-a bildirib ki, bu gün icra başçısı Zakir Fərəcov sakinlərlə görüşüb və bildirib ki, ilkin olaraq 10 gün müddətində yanğın zamanı yataqxananın yararsız vəziyyətə düşmüş hissəsi əsaslı təmir olunacaq və zərərçəkmiş köçkünlər məskunlaşdıqları evlərə yığışacaqlar:
"Bu gün Zakir Fərəcov sakinlərlə görüşdü, onları dinlədi və bildirdi ki, tezliklə onların problemləri öz həllini tapacaq. Hazırda bu sakinlər üçün çadır qurulub. Müvəqqəti olaraq bu çadırlarda yaşayacaqlar. Yataqxana təmir edildikdən sonra isə hər kəs öz mənzilinə köçürüləcək. Onu da qeyd edim ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq qaçqın və məcburi köçkünlər üçün şəhərin 12-ci mikrorayonunda tikilməkdə olan bina dekabrın sonuna qədər təhvil veriləcək".