BAKI, 7 avqust — Sputnik. Facebook-un keçmiş layihə meneceri Antonio Qarsia Martinez qarşıdakı 30 il ərzində dünya əhalisinin yarısının işsiz qalacağı, müasir sivilizasiyanın tamamilə çökəcəyi barədə açıqlama verib.
Sizcə bir insan niyə illərlə dünya texnoloji inqilablarının döyünən ürəyi olan Silikon Vadisində işləyəndən sonra bir anın içində hər şeyi buraxıb özünü insanlardan təcrid edə və dünyanın sonunu gözləməyə başlayar?
BBC xəbər verir ki, Facebookun sabiq layihə menecerlərindən biri olan Antonio Qarsia Martinez bu suala bir cümlə ilə cavab verib: "Çox qısa bir müddətdə dünyanın nəyə bənzəyəcəyini gördüm və bu mənə bəs elədi".
BBC-nin "Silikon Vadisi"nin sirləri" sənədli filminin çəkiliş qrupuna ABŞ-ın Seattle şəhəri yaxınlığındakı Orcas adasında satın aldığı geniş ərazidə müsahibə verən Martinez deyib: "Qarşıdan gələn 30 il ərzində dünya əhalisinin yarısı işsiz qalacaq. İşlər çox eybəcər bir şəkil ala bilər. Sivilizasiya tamamilə çökə bilər. Bu səbəbdən də mən burdayam".
Silikon Vadisində reallaşdırlan süni intellekt və robot texnologiyasının düşündüyümüzdən daha qısa müddətdə planetin iqtisadi qanunlarını alt-üst edəcəyini düşünən Martinez daha sonra deyib: "İnanın, mən gələcəkdən gəlirəm. San Fransisko adlı vaxt maşınından təzəcə çıxmışam. Orada dünyanın qarşıdakı 5-10 il içində nəyə oxşayacağını gördüm. İndi sizə inanılmaz görünən şeylər çox yaxında reallaşacaq".
Martinez, kiçik Orcas adasındakı ərazisini özünə kifayət edəcək səviyyədə becərməyə çalışır. Anbarlar, təmiz su, kənd məhsulları və özünə lazım olan silah-sursatları saxlayır.
"Sivilizasiyanın çökməsi" risqinə qarşı poliqonlar quran Facebook-un sabiq meneceri ifrata varıb-varmadığı barədə suala belə cavab verib:
"Siyasətlə texnologiya arasında ciddi yarış gedir. Hazırda texnologiya açıq-aşkar öndə gedir. Texnologiyaların inkişafı nəticəsində çox adam işini itirəcək. Bu vəziyyətin qarşısına keçib qarşıdan gələn fəlakətin qarşısını alacaq sosial siyasətlə bağlı heç bir iş aparılmır".
"Təkcə ABŞ-da 300 milyon silah var. Demək olar ki, haradasa adam başına 1 silah düşür. Bu silahların da əksər hissəsi iqtisadi cəhətdən üstün vəziyyətdə olan adamların əlindədir" — deyə Martinez xatırladıb. Martinez özünün Silikon Vadisinin dünya ilə əlaqəsini kəsən yeganə meneceri olmadığını qeyd edib. Bildirib ki, bir çox texnologiya mütəxəssisi sivilizasiyadan uzaq bir həyatı seçirlər. Çünki onlar "gələcəkdən qorxurlar".