BAKI, 7 avqust — Sputnik. Bakının Xəzər rayonunda qarpızdan kütləvi zəhərlənmə qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə Zirə qəsəbəsində yerləşən, 1977-ci il təvəllüdlü Rəşad Abdullayevə məxsus istixanada baş verib. Məlumata görə, nahar vaxtı Binə qəsəbəsinin 7 sakini özlərinin nitrat verərək yetişdirdikləri qarpızı yeyərək zəhərləniblər. Bu qarpızlar satış üçün nəzərdə tutulubmuş.
Bazar günü Toksikologiya Mərkəzinə kömək üçün 1982-ci il təvəllüdlü Səbinə Bahadurova, 1994-cü il təvəllüdlü Tünzalə İmnəzadə, 1990-cı il təvəllüdlü Nicat Nəsirov, 1986-cı il təvəllüdlü Araz Camalov, 1971-ci il təvəllüdlü Kəklik Əliyeva, 1989-cu il təvəllüdlü İradə Atayeva və 1977-ci il təvəllüdlü İradə Kərimova müraciət edib. Hazırda zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Xəzər rayon 1 saylı polis şöbəsində araşdırma aparılır.