BAKI, 5 avqust — Sputnik. Almaniya xarici işlər naziri Ziqmar Qabrielin Avropa İttifaqı (Aİ) rəsmilərinə məktub yazaraq Türkiyə ilə bağlı tədbirlərin sərtləşdirilməsini istədiyi ortaya çıxıb.
Sputnik Azərbaycan "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, Almaniya XİN rəhbəri Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının genişlənməyə məsul nümayəndəsi Yohhanes Hana məktub yazıb.
Məktubunda "Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti Avropa dəyərləri ilə açıq bir şəkildə təzad təşkil edir və ciddi bir cavabı tələb edir" ifadələrindən istifadə edən Ziqmar Qabriel əlaqələrin düzəldilməsinə istiqamətli səylərin isə Ankaranın aqressiv siyasəti nəticəsində boşa çıxdığını bildirib.
Türkiyənin üzvlüyə hazırlanmasına istiqamətli nəzərdə tutulan maliyyə yardımların azaldılması çağırışını edən Almaniya xarici işlər naziri yardımların daha çox demokratiya və hüquqi dövlət sahələri ilə məhdudlaşdırılmasını və yardımların hökumətdən çox Türkiyədəki sivil cəmiyyətin faydası üçün verilməsini istəyir.