BAKI, 5 avqust — Sputnik. Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlər məskunlaşan yataqxanasında yanğın olub. Yanğının binanın 3-cü mərtəbəsində baş verən partlayış nəticəsində meydana gəldiyi bildirilir.
İlkin məlumata görə, yanğında ölən və yaralananlar var. 25 nəfər Təcili tibbi yardımın köməyilə xəstəxanalara çatdırılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, artıq yanğın söndürülüb. Hadisə yerinə cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası binanın sakinlərini təxliyə ediblər.
Aralarında polisin və FHN əməkdaşlarının da olduğu 10 nəfərin yanğın zamanı tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.
Trend agentliyi ölənlərin olduğunu bildirsə də, rəsmilər bu barədə dəqiq məlumat olmadığını deyirlər.
Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, digər 8 ailə yerli sakinlərdir.
Hazırda hadisənin səbəbləri araşdırılır.