CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlarımızın haqqını onların valideynlərinə pulla satan kimdir?

© Sputnik / Irade JELILYasamal parkı
Yasamal parkı - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqların sevinc qaynağı biznes obyektinə çevrilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Yasamal Parkı 2014-cü ildə sakinlərin istifadəsinə verilib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin istirahətinin təmin edilməsi və abadlıq-yaşıllıq işlərinin aparılması məqsədilə "Azərsu" ASC-nin "+82 Qərb" su anbarının ərazisində, Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində yeni istirahət parkı salınıb.

Parkda uşaqlar üçün iki oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. Eyni zamanda, parkın ərazisində iki kafe fəaliyyət göstərir.

Ərazi sakinlərinin Sputnik Azərbaycan-a danışdıqlarına görə, parkın salıması ilə onlar rahatlıq tapıblar. Amma bu rahatlıq çox da uzun sürməyib. Belə ki, əvvəlcə pulsuz olan bütün atraksionlar sonradan pullu olub.

Parkın yaxınlığında yaşayan Sabir Əliyevin sözlərinə görə, park ilk açıldığı günlərdə bütün atraksionlar pulsuz olub: "Sevinirdik ki, uşaqları parka aparıb onların əyləncəsini təmin edə biləcəyik. Düzü, parkda olan atraksionların heç biri əlavə xərc tələb etmir. Elektrik enerjisi ilə çalışan atraksionları başa düşmək olar ki, enerji sərfiyyatının pulu əldə edilməlidir. Amma burda elə atraksionlar var ki, onlar heç bir əlavə xərc tələb etmir. Buna baxmayaraq, burada uşaqlar üçün bütün əyləncə vasitələri pulludur".

Digər sakin Məhbubə İmanova da uşaq əyləncə vasitələrinin ödənişli olmasından narazıdır: "İndi çox az ailə var ki, uşağının yay tətilini yaxşı keçirməyə imkanı çatır. Bizim uşaqlar da yay əyləncəsini bu parkda tapmışdılar. Amma indi hamısını pullu ediblər".

"Əyləncə vasitələrindən bir dəfə istifadə etməyin qiyməti 50 qəpik — 2 manat (növlərinə görə qiymət dəyişir) arasındadır. Mən kasıb öz uşağıma hər gün 5-10 manat necə verim ki, gedib əylənsin? Mənim üçün maraqlıdır ki, yığılan bu pullar hara gedir?" — M. İmanova bildirir.

Uzun illərdir ki, bu ərazidə yaşayan Səmayə Əliyeva deyir ki, park gözəldir, amma xidmətin pullu olması bu gözəlliyi gözdən salır: "Buralar pullu olduqdan sonra, uşaqlarımız əylənə bilmirlər. Sadəcə kənardan başqa uşaqlara — imkanı çatam ailələrin övladlarının əylənməsinə baxırlar. Başa düşə bilmirəm, bu atraksionlar pullu olacaqdısa, niyə əvvəlcə pulsuz idi?"

Xatırladaq ki, cari ilin əvvəlində Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edib. Belə ki, qərara əsasən, mədəniyyət və istirahət parkları Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılaraq, onlara məxsus əmlakla birlikdə ərazi üzrə aidiyyati yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib.

Beləliklə, artıq park Yasamal Rayon İcra Hakimiyyətinin balansındadır. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, mətbuat katibi məzuniyyətdə olduğu üçün suallarımıza kimsə cavab verməyəcək. Yəni ki, sualımıza cavab almaq üçün məsul şəxsin məzuniyyətinin bitməsini gözləməliydik. O da yay mövsümü daha tez bitər, yoxsa mətbuat katibinin məzuniyyət müddəti, bəlli deyildi…

Xəbər lenti
0