BAKI, 4 avgust — Sputnik. Bu gün "qara bazar"da dolların məzənnəsi dəyişməyib. Fins.az-n fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə səhər saatlarında dolların alışı 1.6950 manat, satışı 1.7000 manat təşkil edib.
Avro da ötən günkü məzənnəsini qoruyub saxlayıb. Avropa valyutasının alışı hazırda 1.9700-1.9800 manat, satışı isə 1.9900 manat olaraq qalıb. "Qara bazar"dan verilən məlumata görə, rublun alışı 2,75 qəpik olaraq qalıb. Satışı isə 2.78 qəpikdən 2.80 qəpiyə yüksəlib.
Avqust ayının 4-də banklararası ticarətdə isə dollar bahalaşıb. "Bloomberg" terminalında dollar günə 1.7014 manat məzənnəsi ilə başlayıb. Bu isə dolların 0,18% bahalaşması deməkdir.
Qeyd edək ki, son bir həftədə dollar ilk dəfə 1.70 manat həddini keçib. İyulun 27-dən etibarən banklar arasında ticarət 1.6983 manat məzənnəsi ilə aparılırdı. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.