İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 3 avqust — Sputnik. İyulun 4-də paytaxtın Nərimanov rayonu Ağasadıq Gəraybəyli küçəsində yerləşən 400 saylı yataqxanın 5-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Yanğın 5 mənzildə qeydə alınıb. Mənzillərdən 3-ü tamamilə yanıb.
Bundan başqa, digər mənzillərə də zərər dəyib. İlkin baxış zamanı yanğına qısaqapanmanın səbəb olduğu bildirilir. Qeyd edək ki, yataqxanada, əsasən məcburi köçkünlər məskunlaşıblar.
Sputnik Azərbaycan-ın əməkdaşı bu günlərdə sözügedən yataqxanaya baş çəkib və evi yanmış sakinləri dinləyib. Yataqxana sakini Səbinə Vəliyevanın sözlərinə görə, 25 ildir ki, bu yataqxanada yaşayır, əgər buna yaşamaq demək olarsa…
"İki övladım var. Qızım xəstə olduğu üçün, gedib heç kimin evində qala bilmirik. Füzulidən məcburi köçkünük. 25 ildir, bu yataqxanada yaşayırıq" — S. Vəliyeva bildirir.
Dediyinə görə, iyul 4-ü gecə baş verən yanğından sonra, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) nümayəndələr gələrək, zərərçəkmişlərin qeydiyyatını aparıblar: "Bizə 300 manat da pul verdilər. İndi gedirik, müraciət edirik ki, "vəziyyətimiz necə olacaq". Bir məlumat verən yoxdur. Çarəsiz vəziyyətdəyik".
Mənzili yanmış digər sakin Gülər Əbdürrəhmanova da uzun müddətdir ki, övladı ilə bu yataqxanada yaşayır: "Mənzilimiz yanandan sonra, yenə yanmış otaqlarda qalırıq. İnanın, gecə "raskladuşkanı" açıb yatırıq, səhər yığıb qoyuruq kənara. Bu vəziyyətdəyik. Ayın 4-dən sonra heç kim bizimlə maraqlanmayıb".
Yanğın zamanı 5-ci mərtəbənin bütün elektrik sistemi zərər görüyü üçün, hazırda 5-ci mərtəbədə yaşayanlar 4-cü mərtəbədən elektrik xətti çəkiblər. G. Əbdürrəhmanova bildirir ki, daha bir yanğın olsa, 5-ci mərtəbədən düşmək mümkün olmayacaq.
Sakinlərin sözlərinə görə, əslində yataqxana qəzalı vəziyyətdədir. "Balkonları dağılmış, zirzəmisinə su dolmuş yataqxanada yaşamaq işgəncə olsa da, evsizlikdən yaxşıdır" — deyirlər.
Məcburi köçkünlər, o hadisədən bu yana soyuducu və kondinsionerdən istifadə etmələrinin də mümkün olmadığını qeyd edirlər. "Burada elektrik sistemi əvvəlcədən bərbad idi. Həmişə yatanda deyirdik ki, "Allah, bizi yanğından qoru". Başımıza gəldi" — deyir Əbdürrəhmanova.
"Gecə 3-ün yarısı idi. Qışqırıq səsinə oyandıq. Çıxdıq, gördük ki, hər tərəf qara alovdur. Yaşadığımız binanın zirzəmisi də bərbad vəziyyətdədir, su dolub. Binaya kənardan baxsanız, görərsiniz ki, bina yana əyilib. Balkonlar qəzalı vəziyyətdədir. Uşaqlarımız üçün qorxuruq ki, gözdən yayınıb balkondan düşüb ölərlər. Neyniyək, ay bala, başqa çıxış yolumuz yoxdur" — o, əlavə edir.
Mənzilləri yanmış sakinlər müxtəlif qurumlara vəziyyətlə bağlı müraciət etsələr də, hələ heç bir nəticə əldə edə bilməyiblər. Əlləri hər yerdən üzülən sakinlər, saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevadan yardım istəyirlər.