Azərbaycanın qədim və tarixi guşəsi olan Qəbələ şəhərində keçirilən IX Beynəlxalq Musiqi Festivalı artıq bir neçə gündür ki, klassik musiqini sevənlərə gözəl anlar bəxş edir. Bu möhtəşəm musiqi tədbirinə dünyanın onlarla ölkəsindən çox sayda məşhur musiqiçilər, eləcə də musiqisevərlər qatılır. Zəngin proqramı olan bu festival artıq çoxdandır musiqiçilər, tamaşaçılar və incəsənət vurğunlarının görüş yerinə çevrilib.
Festivalın beşinci günü tamaşaçılar qarşısında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri çıxış edib. Orkestrə dirijorluğu Azərbaycanın xalq artisti Rauf Abdullayev edib. Gecənin xüsusi qonaqları İtaliyanın Emiliya-Romanya festivalının bədii rəhbəri, fleytaçalan Massimo Merçelli və arfa ustası, Sloveniyanın Lyublin Musiqi Akademiyasının professoru Moyka Zlobko Vayql olub. Massimo Merçelli və Moyka Zlobko Vayql Dövlət Simfonuk Orkestri ilə birlikdə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.
2009-cu ildən başlayaraq hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı həm ölkəmizdə, həm də xaricdə böyük maraq doğurur. Bu festival Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.
Xatırladaq ki, festivalda simfonik və filarmonik orkestrlərin ifası ilə yanaşı, caz, flamenko və müasir kamera musiqiləri də səslənir. Bu musiqi bayramında Yuri Başmet, Xloya Xanslip, Oksana Yablonskaya və digər məşhur artistlər də iştirak ediblər.