BAKI, 3 avqust — Sputnik. Lənkəranda 6 günlük körpənin kimin tərəfindən öldürülərək quyuya atıldığı məlum olub. Sputnik Azərbaycan-ın məlumata görə, körpənin nənəsi Atifə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.
Nurullayeva istintaqa verdiyi ifadədə etdiyi cinayətin səbəbini də açıqlayıb. O deyib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan nəvəsi istəyirmiş. İyulun 30-da Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxdığını bildirib.
Daha sonra Nuriyev təkrarən zəng edərək uşağın cəsədinin həyətindəki su quyusunda olduğunu deyib. Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları uşağın meyitini su quyusundan çıxarıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.