BAKI, 3 avqust — Sputnik. Dünyada 2050-ci ilə qədər gözdən əlillərin sayı üç dəfə arta bilər.
Bu barədə "Lancet Global Health" tibb jurnalında dərc edilmiş araşdırmada deyilir.
Alimlərin fikrincə, 2050-ci ilə qədər dünyada gözdən əlillərin sayı 36 milyondan 115 milyon nəfərədək arta bilər. Buna səbəb qocalan əhalinin sayının artmasıdır.
"Dünyada 2015-ci ildə 7,33 milyard insandan 36 milyonu gözdən əlil olub… Amma dünya əhalisinin yaş strukturundakı artım və dəyişiklik gözdən əlil və görmə qabiliyyəti pozulan insanların sayının artmasına səbəb olur… Məsələn, 2020-ci ilə qədər gəözdən əlillərin sayı 38,5 milyona, 2050-ci ilədək isə 115 milyon nəfərə çatacaq" — hesabatda deyilir.
Gözdən əlil nsanlar ən çox Cənubi Asiya ölkələrində, eləcə də Sahara səhrasının cənubunda yerləşən Afrika ölkələrində yaşayır.
1990-cı ildən 2015-ci ilə qədər olan müddətdə 188 ölkədə aparılan araşdırma hazırda 200 milyondan çox insanın orta və ağır görmə problemi yaşadığını göstərib. Bu rəqəm 2050-ci ildə 550 milyon insan səviyyəsini keçə bilər.