BAKI, 1 avqust — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, dələduzluqda təqsirləndirilən "Əzizbəy-KM" MTK-nın direktoru Abbas Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə A.Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
A.Hacıyev bir mənzili bir neçə şəxsə satmaqda ittiham edilir. Qeyd edək ki, şirkətin A.Hacıyevdən əvvəlki rəhbər şəxsləri də eyni ittihamla həbs edilib. Belə ki, 2014-cü ildə MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satdıqları üçün həbs edilmişdilər.
Onlar ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirli bilinərək məhkəmənin hökmü ilə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.