BAKI, 31 iyul — Sputnik. Lənkəran rayonunun Darquba kəndində yeni doğulmuş körpənin qətlə yetirilməsi bütün Azərbaycan ictimaiyyətini şoka salıb. Qətlə yetirilmiş körpənin qız olması, çoxlarını bu qənaətə gətirib ki, bu faciənin səbəbi uşağın cinsi olub.
Lakin bu cinayət tarixçəsində çoxlu qaranlıq məqamlar var. Hazırda əməliyyat-istintaq qrupu qətlin törədilmə şəraitini ayırd etməyə çalışır.
Lənkəran rayon hüquq-mühafizə orqanlarının əməkdaşları Sputnik Azərbaycan-a bildiriblər ki, son illərdə onlar ilk dəfədir ki, bu qədər çətin vəziyyətə düşüblər. Cinayətdə şübhəli bilinən ailənin bütün üzvləri bir-birini ört-basdır edirlər və cidd-cəhdlə qatili ələ vermək istəmirlər. Amma aydındır ki, həmin qatil onların arasındadır.
Nuriyeva Mələk Şaiq qızı 6 gün əvvəl doğulub. İyulun 30-da səhər yuxudan oyanan anası körpənin yoxa çıxdığını həyəcanla xəbər verib. Səhər saat 7-də yeni doğulmuş körpənin cəsədi qonşuluqdakı quyudan tapılıb. Beləcə, polis qətldən xəbər tutub.
Məhkəmə-tibbi ekspertizası cəsədi müayinə etdikdən sonra uşağın səhər saat 5-də, tapıldığı vaxtdan 2 saat əvvəl öldüyü məlum olub. Hələlik məlum deyil ki, uşaq quyuya atılanda sağ olub, ya yox. Lakin o məlumdur ki, qatil buna qədər uşağı öldürməyə cəhd edib. Qatilin seçdiyi qətl metodu hüquq mühafizəçilərini dəhşətə gətirib. Altı günlük körpənin ürəyində 5 santimetr dərinliyində tikiş iynəsi aşkarlanıb.
"Bu faktla bağlı 6 nəfər şübhəli var: öldürülən uşağın atası, anası, nənəsi, babası, əmisi və onun arvadı. Amma onların heç biri uşağın qətlində iştirakını etiraf eləmir. Anası deyib ki, uşağı onun çarpayısının yanındakı kolyaskadan oğurladıqlarında o, yuxuda olub. Hazırda göstərilən şəxslərlə bağlı istintaq davam edir və ümid edirik ki, tezliklə uşağı öldürən şəxsi tapacağıq və bunu nə məqsədlə etdiyini biləcəyik" — deyə hüquq mühafizəçiləri bildiriblər.
Qətlə yetirilmiş körpənin anasının böyük qızının 4 yaşı var. Qadın ikinci və üçüncü uşağını selektiv abort yolu ilə məhv edib. Mələk qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gətirilib. Şübhə var ki, uşağın ölümündə atası maraqlı olub. Çünki o, həmişə varis oğul arzulayırmış.
Hüquq-mühafizə orqanlarının əməkdaşları digər az əhəmiyyət daşımayan detalı da açıqlayıblar. Öldürülmüş körpənin valideynləri yaxın qohumdurlar. Elə bu amil də ailə üzvlərinin qatili ələ verməsinə mane olur. Bununla belə, uşağın anası çox çıxılmaz vəziyyətə düşüb: onun susması öz şəxsi təhlükəsizliyi ilə bağlıdır.
"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a bildirib ki, bu, hüquq-mühafizə orqanları üçün ilk ciddi siqnaldır. Onlar yeni doğulmuşların qətli ilə bağlı cəzaları sərtləşdirməlidirlər.
"Ciddi araşdırma aparılmalı və qatillər sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycanda selektiv abortlar çoxdandır aktual problemlərdən biridir. Bununla əlaqədar olaraq qanunvericilikdə selektiv abortlar qadağan edilib. Oğlan-varis problemi isə qalmaqda davam edir. Bütün bunlara baxmayaraq, analar aborta cəhd edir. Lakin iki abortdan sonra həkimlər ona hamiləliyi pozmağa icazə vermirlər. Ona görə də, qadın uşağı doğmalı olur. Selektiv abortların ölkədə qadağan olunması yaxşı göstəricidir. Lakin problem ondadır ki, bu dəfə də doğulmuş qız uşağını öldürmək qərarına gəliblər və bu, ilk siqnaldır" — deyə Zeynalova bildirib.
Onun sözlərinə görə, körpə qatilləri sərt cəzalandırılmalıdır ki, qızlarının doğulmasını arzu etməyən digər valideynlərə dərs olsun.
"Qadını isə qoruma altına almaq lazımdır ki, belə qeyri-insani münasibətlərin hökm sürdüyü ailədə onun və uşağının həyatına təhlükə olmasın" — deyə Zeynalova əlavə edib.