CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquq müdafiəçisi mentaliteti topa tutdu

© Photo : APAMehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri
Mehriban Zeynalova, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Mehriban Zeynalova: "Faktların gözünə açıq baxaq və mentaliteti əlimizdə bayraq etməyək"

BAKI, 30 iyul — Sputnik. Ötən il Azərbaycanda 34569 qadın hamiləliyini sonlandırmaq üçün aborta müraciət edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunlardan 20323 nəfəri 15-29 yaş arasında olan qadınlardır. Ötən il ölkədə 15-17 yaş arası 19 qadın, 18-19 yaş arası 1 242 qadın, 20-24 yaş arası 7773 qadın, 25-29 yaş arası 11 289 qadın aborta gedib.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, nə qədər mental dəyərlərdən danışsaq da azad seksual həyat tərzi keçirən qızlarımızın varlığını dana bilmərik:

“Məhz bu faktlar arzuolunmaz hamiləliyə gətirib çıxarır. Əgər mentalitetdən, ailə dəyərlərindən danışırıqsa, 15-16, 17-19 yaşında qız ərə gedibsə, o, birinci uşağını heç vaxt abort etdirməz. Tibbi baxımdan da zərurət olmadığı halda ilk uşağın abort olunması arzuolunan deyil. Həm də cəmiyyətdə belə fikirlər var ki, ilk hamiləlik sonlandırılanda sonrakı dövrdə uşaq olmur. Əgər 15-16 yaşında erkən nikah olsa belə, yenə də aborta getmək olmaz. Bu onu göstərir ki, 18-19 yaş arası 1 242 qadın, 15-17 yaş arası 19 qadın nikaha girmədən, azad seksual həyat tərzi keçirərək hamilə qalıb və abort etdirib. Ola bilər ki, zorlama olub. Amma zorlama ilə bağlı da bu qədər müraciət qeydə alınmayıb. Mülaihizələr çoxdur: ola bilsin ki, qızlar sadəcə könüllü münasibətə giriblər. Ola bilsin ki, münasibət məcburi qaydada olub. Biz bunları bilmirik. Amma fakt, rəqəmlər onu göstərir ki, kifayət qədər gənc qız aktiv seksual həyata meyllidir”.

Zeynalova bildirir ki, bu proseslərin qarşısını zorakı yolla alınması mümkün deyil:

“Boş-boşuna da mentalitetdən danışmağımız yersizdir. Çünki son 10 il ərzində qadınların davranışında dəyişikliklər ortaya çıxıb. Əvvəl deyirdik ki, şəhər qızları, amma indi bölgədəkilər şəhərdəkilərdən heç də geri qalmır. Əgər kəndlərdə də bu cür hallar qeydə alınırsa, demək hansısa dəyər sistemi, bizim yapışıb qaldığımız, ona söykəndiyimiz, əlimizdə bayraq etdiyimiz mental məsələ artıq yoxdur. Ona görə də faktların gözünə açıq baxaq və mentaliteti əlimizdə bayraq etməyək. Anlayaq və qəbul edək ki, bu problem var. Ona görə biz dəqiqləşdirək görək biz nəyi rəhbər tuturuq. Əgər mentaliteti rəhbər tuturuqsa, onda  qanunları kənara ataq”.

Xəbər lenti
0