Ramil İbrahimov, Sputnik Azərbaycan
BAKI, 27 iyul — Sputnik. Bərdədə fərdi yaşayış evində yanğın baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə təqribən saat 15:30 radələrində rayonun Vaqif küçəsində Yusif Qurbanova məxsus evdə qeydə alınıb. Qısa müddət ərzində bütün otaqları bürüyən yanğına qonşular müdaxilə etməyə çalışsalar da, alovun qarşısını almaq mümkün olmayıb. Dərhal FHN-nin Bərdə yanğından mühafizə xidmətinə məlumat verilib. İçəridə qaz balonu olma ehtimalına qarşı hadisə yerinə gələn polis əməkdaşları sakinləri oradan uzaqlaşdırıb. Yanğınsöndürənlər alovu söndürərək, yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıblar.
Hadisə şahidlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, yanğın baş verən vaxt evdə heç kim olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur. Evin içərisində olan əşyaların yalnız bir qismini xilas etmək mümkün olub.
Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.