BAKI, 27 iyul — Sputnik. "BakuBus" avtobusunda daha bir sərnişin qayda pozuntusuna yol verib və digər sərnişinlərə narahatlıq yaradıb.
"Bakubus" MMC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 20-si saat 22:36 radələrində "BakuBus"a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb. Sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamağa davam edib. Bununla da marşrutda təhlükəsizlik qaydalarını kobud şəkildə pozub.
Sərnişinlərlə dolu avtobusun hərəkətininə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub. Ancaq, hadisə ilə bağlı polis orqanlarına məlumat verdikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk edib.
Qeyd edək ki, sərnişinin qaydalara zidd hərəkəti 21 nömrəli xətt avtobusunun qrafikə uyğun fəaliyyətini pozmaqla yanaşı, sərnişinlərin də böyük narazılığına səbəb olub.