İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, şəhərin arxitekturasını pozacaq artırmalar, tikililər tikmək qadağandır. Amma Bakının Nəriman Nərimanov rayonu "Nəriman Nərimanov" metrosunun yaxınlığında, daha konkret desək, Ağa Nemətulla küçəsində bu qadağalara məhəl qoyan yoxdur.
Mağaza açan kim, balkonunu 3 dəfə artıran kim, həyətdə özünə yeni ev tikən kim… Saymaqla bitməz. Küçədə hər gün bir mağaza tikilib istifadəyə verilir. Dönərxanalar, ət dükanları, yan-yana düzülmüş kafe və restoranlar…
Sovet dövründən qalmış 5 mərtəbəli binaların qarşısında, yanında tikilən artırmalar isə insanların həyatını həqiqətən təhlükə qarşısında qoyur. Həyətlərdə uşaqların oyun meydançası artıq yoxdur – yerində bina tikilib! Yeni tikilən tikililərlə köhnə binalar arasında məsafə 4-5 metrdir. Bina sakinləri də avtomobillərini bu 4-5 metrlik ərazidə saxlamaq üçün mübahisə edirlər.
Sabah bir yanğın hadisəsi baş versə, yanğının necə söndürüləcəyi həqiqətən sual altındadır. Bir neçə il əvvəl qarşıda yeni bina tikiləndə bütün sakinlər narazılıqlarını bildiriblər. Sonra onlara deyiblər ki, guya binanı Qarabağ əlili tikdirir, yaşlı kişidir. Bu da sakinlərin ürəyinə mərhəmət salıb və beləliklə də, onların yaşadığı binanın qarşısında yeni çoxmərtəbli bina ucaldılıb. Hansısa obyekt üçün nəzərdə tutulan bina illərdir ucaldılıb və hazırda sadəcə son mərtəbəsində Qarabağ əlili deyilən şəxs yaşayır.
Ağa Nemətulla küçəsində belə problemlər saysızdır. Görünür, Nərimanov Rayon İcra Hakimiyyəti Ağa Nemətulla küçəsini xüsusi "diqqət"də saxlayır…
Qanun isə deyir ki, səkilərdə, binaların həyətində, binaların kənarlarında arxitekturanı pozacaq artırmalar tikilməməlidir. Təəssüflə qeyd edək ki, Ağa Nemətulla küçəsində müxtəlif tikililərin tikilməsinə izin verən müvafiq qurum ya bu qanundan xəbərsizdir, ya da sadəcə qanuna məhəl qoymaq istəmir…
Tikinti eksperti Ramil Osmanlının Sputnik Azərbaycan-a şərhinə görə, paytaxtın bütün rayonlarında qanunsuz artırmalara rast gəlinir. Onun sözlərinə görə, binalara əlavə artırmalar, kommersiya məqsədi ilə tikilmiş artırmalar, giriş-çıxışı məhdudlaşdıran hər hansı konstruktiv dəyişiklik qanuna ziddir.
"Bu problem paytaxtın bütün rayonlarında yaşanır. Ola bilsin ki, bu problem, məsələn, Nəsimi rayonunda və ya Nərimanov rayonunda daha kəskindir. Bir neçə il öncə Binəqədi rayonunda oxşar problemlər yaşanırdı və bu, öz həllini tapdı. Kiçik problemlər qala bilər. Amma ümumilikdə Binəqədi rayonunda məsələ öz həllini tapdı. Bir müddət əvvəl Yasamal rayonunda da oxşar addımlar atıldı" — Osmanlı qeyd edib.
Ekspertin sözlərinə görə, bəzi küçələr var ki, onlar həm də ticarət mərkəzi rolunu oynayır: "Ağa Nemətulla da belə küçələrdəndir. Küçənin hər iki istiqamətində ticarət obyektləri var, onlar sərəncamla tikilib və sonradan bəziləri sənədləşdirilib. Səkilər, yol çiyinləri, binalar arasından keçmək üçün nəzərdə tutulmuş yollar (bu yollar fövqəladə hadisələr zamanı istifadə edilmək üçün nəzərə tutulub) bağlanır və obyekt yeri kimi satılır. Bu, yolverilməzdir. Qanun bu məsələləri yasaqlasa da, bəzi qurumlar, bəzi məmurlar öz subyektiv məqsədləri üçün istifadə edirlər, qanunvericiliyin tələblərini pozurlar".
R. Osmanlının sözlərinə görə, bu məsələ mülki qanunvercilik, Şəhərsalma və Tikinti Məcəlləsi, Nazirlər Kabinetinin ayrı-ayrı qərar və sərəncamları, Arxitektura və Şəhərsalma Komitəsinin ayrı-ayrı təlimatları ilə tənzimlənir: "Amma çox təəssüf olsun ki, bu məsələdə qanunlara baxan yoxdur".
Ekspert bildirir ki, binalar tikilən zaman ara məsafəsinə də diqqət yetirilməlidir: "Binalar arasında məsafə 50-60 metrdən çox olmalıdır. Amma təəssüf olsun ki, indi nəinki binalar arasında, hətta balkonlar arasında da o qədər az məsafə qoyulur ki, balkondan-balkona keçmək olur. Belə problemlər kifayət qədərdir. Hər hansı ərazidə bu kimi hallarla qarşılaşdığınız zaman şikayətlərinizi birbaşa Prezident Aparatına ünvanlaya bilərsiniz".
Hüquqşünas Fərid Həmidli də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, binaların görkəminin qarışıq şəkildə olması memarlıq baxımından yolverilməzdir: "Eyni zamanda, insanların hüquqlarının pozulması deməkdir. İndi bir çox ərazilərdə belə bir adət var, icra başçısı dəyişən kimi birinci parkları sökdürüb, yenisini tikdirir. Əlavə forma verdirir, sonra yollara əl atır, "artıq" yerləri paylaşdırır və sair".
"Amma bunlar qanunla qadağandır. Özüm də fikir vermişəm, daha çox köhnə binalarda sakinlər istədikləri kimi artırmalar edir, həyəti zəbt edib evini genişləndirir, biri avtomobili üçün zəncir çəkir, digəri mağaza tikir, bir başqası binanın 5 metrliyində başqa bina tikir. Qısacası, paytaxtın bəzi rayonlarında hərc-mərclik baş alıb gedir" — Həmidli qeyd edib.
Müsahibimizin sözlərinə görə, binada hər bir təmir mənzil mülkiyyətçiləri ilə razılaşdırılmalıdır: "Binanın dayanıqlığına təsir edə bilən, yükdaşıyan konstruksiyanın deformasiyası üçün şərait yaradan hallar baş verirsə, tikintinin aparılması qadağan edilməlidir. Hansısa tikilinin qanunsuz aparıldığını və binanıza zərər verəcəyini düşünürsünüzsə, Fövqəladə Hallar Nazirliyinə müraciət edin. Qanunsuz tikililəri sökmək bu qurumun məsuliyyəti çərçivəsindədir. Nazirlik araşdırma apardıqdan sonra söküntü haqqında qərar verə bilər".
Hüquqşünas hesab edir ki, qanunsuz tikililərə, artırmalara sənəd verilə bilməz, verilsə də bu qanunsuz hesab edilir. Çünki sovet dövründən qalma binalara heç bir arxitektura dəyişikliyi edilə bilməz.
Qısacası, bir qanun var və onlarla qanunauyğunsuzluq… Adam lap fikirləşir ki, kaş Nərimanov ərazisində də bir məscid qanunsuz olaraq söküləydi. Bəlkə o zaman…