BAKI, 26 iyul — Sputnik. Bir müddətdir ki, müqəddəs şəhər Qüds və Əl-Əqsa məscidi ətrafında davam edən gərginlik İsrail-Türkiyə münasibətlərinə də təsir edib. Dünya müsəlmanlarını Qüdsə sahib çıxmağa çağıran Türkiyə prezidenti Ərdoğana İsraildən sərt reaksiya gəlib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Təl-Əviv Ərdoğanı öz ölkəsinin daxili işləri ilə maraqlanmağa çağırıb. "Biz Ərdoğana xatırlatmaq istəyirik ki, Osmanlı imperiyasının vaxtı artıq çoxdan bitib. Yəhudilərin paytaxtı əzəldən Qüds olub, indi də elədir və bundan sonra da elə qalacaq" — deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının qrup yığıncağında dünya müsəlmanlarına səslənərək, onlardan Qüdsü ziyarət etməsini, Əl-Əqsa məscidinə getməsini istəyib. "Bu gün müqəddəs şəhər Qüdsdə və ilk qibləgahımız olan Əl-Əqsa məscidində İsrail özbaşınalığı varsa, oradakı fələstinli qardaşlarımızın ibadətlərinə əngəl törədilirsə, bu, dünya müsəlmanlarının laqeydliyinə görədir. Əl-Əqsa məscidini qorumaq imkan yox, iman məsələsidir" — Ərdoğan bildirib.
Onun sözlərinə görə, əgər İsrail əlindəki silahlara arxalanaraq bu cür üsullara əl atırsa, səhvə yol verir: "Fələstinli və digər millətlərdən olan qardaşlarımız ayaqda durduqlarını bütün dünyaya sübut etdilər. Mən də buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm: "İmkanı olan hər kəs, lütfən Qüdsü və Əl-Əqsa məscidini ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək göndərsinlər. Bizlər ora nə qədər çox sahib çıxsaq, gözlərini ora dikmiş olanların işləri də o qədər çətinləşər".
Ərdoğan, Fələstin-İsrail problemində yeganə həll yolunun, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı şərqi-Qüds olan Fələstin və paytaxtı Təl-Əviv olan İsrail dövlətlərinin qurulmasından keçdiyini bildirib.