Vüsalə Rafiqqızı: “Seysmik baxımdan aktiv olan ərazilərdə zəlzələlərin olması qaçılmazdır”
Türkiyə və Azərbaycan seysmik baxımından aktiv ərazidə yerləşirlər, bu bölgələrdə zəlzələlərin baş verməsi qaçılmazdır. Bunu Sputnik-Azərbaycana Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. Onun sözlərinə görə, Türkiyədə və Yunanıstanda baş verən zəlzələlərin Azərbaycana heç bir təsiri olmur:
"Amma zəlzələlərin yeri və vaxtı barədə dəqiq proqnoz vermək mümkün deyil. Azərbaycanın struktur baxımından Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan seysmik cəhətdən aktiv olan digər ərazidə, Alp-Himalay qırışıqlığında yerləşir".
"Yəni sabah bizdə hər hansı bir zəlzələ baş verərsə, bunun da Türkiyə ərazisinə təsiri olmayacaq. Qeyd edim ki, Azərbaycanda gün ərzində çox sayda təkanlar qeydə alınır. Sadəcə zəlzələ ocağı dərində olduğu üçün çox da hiss olunmur", — deyə Vüsalə Rafiqqızı bildirib.