BAKI, 25 iyul — Sputnik. İngiltərədən olan xəzinə ovçuları, II Dünya Müharibəsi ərəfəsində faşist Almaniyasına aid içərisi qızılla dolu olan batan gəminin yerini tapıblar. Sputnik Azərbaycan "USA TODAY"-ə istinadən xəbər verir ki, Sözügedən gəmi, 1938-ci ildə Cənubi Amerikadan Almaniyaya 4 ton qızıl daşıyarkən Atlantik okeanında İslandiya sahillərində batıb.
İngilislər tapdıqları gəminin göyərtəsində 4 ton ağırlığında, 100 milyon sterlinq (460 milyon manat) dəyərində qızıl aşkarladıqlarını bildiriblər.
Faşist Almaniyasına aid gəminin batma tarixçəsi olduqca maraqlıdır. Belə ki, Cənubi Amerikadan gəmiyə yüklənən qızıllar Almaniyaya gətirilmək üçün yola çıxıb. Lakin Atlantik okeanının şimalında, ingilis donanması həmin gəminin hara aparıldığını anlayıb. Məsələdən xəbər tutan Almaniya lideri Adolf Hitler gəminin dərhal batırılması əmrini verib.
İngiltərədən olan xəzinə ovçuları 460 milyon manat dəyərindəki qızılın onu tapanlara aid olduğunu, bu səbəblə də xəzinəni Britaniyaya aparacaqlarını açıqlayıblar. İslandiyalı rəsmilər isə ingilis ovçuların arzusunu gözündə qoyacaq bəyanat veriblər. Onlar, qızılların İngiltərəyə aparılmasının qeyri-mümkün olduğunu, gəminin tapıldığı yerin İslandiya sərhədləri daxilində yer aldığını bildiriblər.
Hazırda məsələ qeyri-müəyyən olaraq qalmaqdadır.