BAKI, 25 iyul — Sputnik. Paytaxtın Binəqədi rayonunda bir həftə içində ikinci dəfə hədə-qorxu yolu ilə qəsbetmə hadisəsi baş verib.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanları məlumat verib.
Məlumata görə, iyulun 24-də günahlandırılan şəxs 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Şahmarov Rabil Aslan oğluna məxsus Lexus RX330 markalı avtomobili ələ keçirib. Zərərçəkmiş Binəqədi rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, saat 19:00 radələrində Sulutəpə ərazisində Rəşad adlı bir nəfər ona hücum edərək boğazına bıçaq dirəyib və avtomobili onun əlindən alıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində asayiş keşikçiləri şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər. Məlum olub ki, həmin şəxs əvvəllər AR Cinayət Məcəlləsinin 111-ci maddəsi (irqi ayrı-seçkilik) ilə ittiham edilmiş İmişli rayon sakini, 1977-ci il təvəllüdlü Alışov Rəşad Şamıl oğludur.
Yeri gəlmişkən, Binəqədi RPİ-dən bildiriblər ki, 111-ci maddə praktiki olaraq işləmir. Çünki bu maddə Azərbaycan cəmiyyəti üçün xarakterik deyil. Polisin belə bir versiyası var ki, sözügedən hüquq pozuntusuna Alışov Asiya millətlərinin nümayəndəsinə münasibətdə yol verib.
Alışov saxlanılıb. Onunla bağlı AR CM-nin 182-ci maddəsi (hədə-qorxu ilə təbəb etmə) ilə cinayət işi açılıb. İlkin məlumatlara görə, Alışov Şahmarovun xarici maşınını elə-belə almayıb. Saxlanılan şəxs bildirib ki, iş adamı Şahmarov ona 7 min manat dəyərində borclu olub və üstündən uzun müddətr keçməsinə baxmayaraq, onun borcunu qaytarmayıb. Belə olan təqdirdə Alışov onu borcu ödəməyə məcbur edib: Şahmarovun maşınını götürüb və bildirib ki, maşını yalnız pulu qaytarandan sonra götürə biləcək.
Xatırladaq ki, buna bənzər cinayət iyulun 19-da saat 17:30-da baş verib. İki kişi Sumqayıt Apellyasiya Məhkəməsindən qayıdan məşhur vəkil Əlirza Həbilovun Hummer markalı maşınını ələ keçirməyə çalışıblar. Cinayətkarlar yolda vəkilin maşınının qarşısını kəsərək ondan pul tələb ediblər. Sonra onlar maşınını qapısının qırmağa cəhd etsələr də, Həbilov banditlərin əlindən xilas ola bilib.
Faktla bağlı Bakıda kirayənişin kimi yaşayan Salyan rayon sakini, beş uşaq atası, 1968-ci il təvəllüdlüdlü Səmid Babayev saxlanılıb. Cinayətin ikinci iştirakçısının saxlanılması istiqamətində hüquq-mühafizə orqanları iş aparır.