Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. "Azərbaycan Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib. Bu qanun qəbul edilsə, ölkəyə gətirilən siqaretlərə elektron möhürlər vurulacaq". Ötən günlərdə Dünya Bankının tütün məhsullarına vergi qoyulmasına görə dünya üzrə koordinatoru Patrisio Markez Vergilər Nazirliyində keçirdiyi görüş haqqında danışarkən deyib.
P. Markezin sözlərinə görə, yeni təklifin qəbulu ölkəyə gətirilən siqaretlərin saxta olub-olmadığını bilməyə əsas verəcək: "Onu da qeyd edim ki, bu möhürlər elə olacaq ki, hətta onu mobil telefonlar vasitəsilə də müəyyən etmək mümkün olacaq. Hesablamalarımıza görə, hazırda Azərbaycan Gürcüstan və Ukraynaya nəzərən hər siqaret qutusunda 60 sent itirir".
O deyib ki, Dünya Bankı siqaretə vergi tətbiqinin tərəfdarıdır: "Dünya təcrübəsi də göstərir ki, bu sahəyə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir. Verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur. Tütün məhsullarına verginin tətbiqi siqaretdən istifadəni azaldır. Bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər vergi nəticəsində siqaretin qiyməti 10% artırsa, bu, istehlakın 4% azalmasına şərait yaradır".
"Tütün şirkətləri təbliğat aparır ki, əgər vergi artsa, qaçaqmalçılıq faktları artacaq. Amma bizim onlara qarşı deyəcəyimiz çox güclü arqumentlərimiz var. Bu gün siqaretlər müasir texnologiya ilə hazırlanır ki, bu da onun çox ucuz başa gəlməsinə şərait yaradır" – deyə bank eksperti bildirib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda tütün məhsullarına aksiz vergisi tətbiq olunur: "Eyni zamanda, ölkə daxilində satışı zamanı da digər bütün vergilərin ödənişi həyata keçirilir. Sadəcə burada mexanizm ondan ibarətdir ki, bu proses daha da şəffaflaşsın, eyni zamanda, nəzarət mexanizmləri gücləndirilsin. Telefonlara yüklənmiş proqramlar vasitəsilə də siqaretlərin saxta olub-olmadığını müəyyənləşdirmək mümkündür. Yeni mexanizmin tətbiq olunması bu kimi imkanları artırır".
Onun sözlərinə görə, əgər ölkədə saxta siqaret dövriyyəsinin məhdudlaşdırılması mümkün olarsa, növbəti dövrlərdə dövlət büdcəsinə bu istiqamətdən daxilolmaların həcmi də kəskin şəkildə arta bilər: "Çünki xüsusilə də 2015-ci il devalvasiyalarından sonra qeyri-rəsmi yollarla ölkəyə idxal olunmuş tütün məhsullarının dövriyyəsi ciddi şəkildə artıb. Bu isə öz növbəsində büdcə daxilolmalarına mənfi təsir göstərməkdədir. Bu baxımdan müsbət məqam olaraq qeyd edilə bilər".
Verginin tətbiq edilməsi məsələsinə gəlincə, ekspert bildirib ki, vergi ən müxtəlif ölkələrdə müxtəlif səviyyələrlə müəyyənləşdirilir: "Hər bir ölkədə siqaret üçün vergilər tətbiq olunur. Vergi dərəcəsinin artırılmasının ən rahat istiqamətlərindən biri də tütün məhsulları hesab olunur. Hələ də beynəlxalq ictimaiyyət, həmçinin hüquq tütün məhsullarına, o cümlədən spirtli içkilərə vergilərin artırılması prosesinə daha liberal yanaşır. İzah edilir ki, guya atılan addımlar bu məhsulların istehlakının aşağı düşməsi məqsədi daşıyır. Və son nəticədə əhalinin sağlamlığına xidmət edir".
"Amma təcrübədə bunun əksi daha çox baş verir. Keyfiyyətsiz məhsulların istehlakı artır və eyni zamanda, hazırda Azərbaycanda bu, baş verərsə, illeqal ölkəyə daxil olan tütün məhsullarının dövriyyəsi daha da genişlənəcək. Çünki hazırda əhalinin alıcılıq qabiliyyəti qiymətlərin artımına adekvat deyil" — R. Həsənov vurğulayıb.
Onun fikrincə, Dünya Bankının nümayəndəsi demək istəyib ki, hazırda Azərbaycanda tütün məhsullarının saxta olub-olmamasına nəzarət mexanizmlərinin zəif olması son nəticədə illeqal tütün məhsulları dövriyyəsinin həcmini sürətlə artırıb: "Bu isə dövlət büdcəsinin itkilərinə gətirib çıxardıb".
Ekspertin sözlərinə görə, elektron möhür ciddi dəyişiklik kimi qəbul edilməli deyil: "Bizdə aksiz markalar məhsulların üzərinə yapışdırılır. Azərbaycanda çox az hallarda rast gəlinir ki, saxta məhsulların üzərində aksiz markası olsun. Çünki bu istiqamətdə sərt mexanizm var və saxta aksizlərin əldə edilməsi nisbətən çətindir".
"Amma bir çox ölkələrdə aksizlər saxtalaşdırılır. Bu da son nəticədə beynəlxalq qurumların bu istiqamətdə mübarizə metodları üzərində düşünməsinə gətirib çıxardıb. Bu baxımdan da düşünmürəm ki, elektron möhür nəyi isə ciddi dəyişəcək. Amma yeniliyin nəticəsi olaraq bu istiqamətdə qərar qəbul edilərsə, son nəticədə nəzarət imkanlarını daha da artıra bilər" — ekspert bildirib.
Vergi qanunvericiliyi sahəsində mütəxəssis Radil Fətullayev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Vergi Məcəlləsində Azərbaycanda istehsal olunan tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir: "Tütündən hazırlanan siqaretlərin və onun əvəzedicilərinin min (1000) ədədinə görə 4 manat aksiz vergisi var. Siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə 10 manat aksiz vergisi tətbiq olunur. Tütün məmulatları Azərbaycanda aksizli mallara aid edilir".