İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 21 iyul — Sputnik. Ötən həftə sonu gərgin iş saatlarından sonra yolumu Buzovna çimərliyindən saldım. Düşünürdüm ki, dəniz yorğunluğumu alacaq. Amma sakitləşmək əvəzinə, gördüyüm mənzərə məni xeyli əsəbiləşdirdi.
Buzovna çimərliyində yüzlərlə insan dənizdə çimirdi. Ərazidə çox sayda avtomobil vardı. Amma dənizin vəziyyəti ürəkaçan deyildi. Dəniz kənarında məişət tullantıları qalaqlanmış, ətrafa qida qalıqları səpələnmişdi. Bu da azmış kimi ərazidə olan sahibsiz heyvanlar qidalanmaq üçün həmin tullantılara yığılmışdı.
Sahilə atılan tullantıların bəziləri dalğaların köməyi ilə dənizə dərinliklərinə doğru istiqamətlənmişdi. Digər tərəfdən, dənizə haradansa çirkab sular da axıdılırdı. Yüzlərlə insan isə vəziyyətə önəm vermədən tullantıların üzdüyü suya baş vurur, sudan çıxıb yenə tullantıların ətrafında günəş vannası qəbul edirdi. Ərazidə olduğum müddətdə tullantıların şəklini çəkirdim və buna əhəmiyyət verməyib, kamera qarşısında zibil atanlar da az deyildi.
Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında, bəzi insanların belə həyata öyrəşdiyini təəssüf hissi ilə qeyd edib: "Onlar evdə də belə davrandıqları üçün belə çirkli və çirkin mühit onlara problem yaratmır. Bir insan evində necədirsə, kənarda da eyni cür davranır. Görünür, bu insanlar təmizliyin nə olduğunu dərk edə bilməyiblər".
"Təbii ki, ətrafı, xüsusilə dəniz kənarını zibilləmək olmaz. Bu, həm qanunla ciddi məsuliyyət yaradır, həm də vicdan məsələsidir. Bir misal var: "Heyvan da oturduğu yeri quyruğu ilə təmizləyib oturur". Mən ətraf mühiti çirkləndirənlərə baxanda çox təəssüf hissi keçirirəm. Dəniz bizim hamımızındır. Onunla belə şəkildə davranmaq olmaz" — Əliyev bildirib.
Ekoloqun sözlərinə görə, ətraf mühitin çirkləndirilməsi müxtəlif xəstəliklərə də səbəb ola bilər: "Bu gün Yəməndə vəba epidemiyası var. Belə antisanitariya şəraitində ölkədə elə bir epidemiyanın yaranmayacağına kim zəmanət verə bilər? İnsan özü özünün düşmənidir. Xüsusilə yay aylarında antisanitar şəraitdə olan çimərliklərdən uzaq olmaq lazımdır".
Həkim-terapevt Məlahət Abbasova isə Sputnik Azərbaycan-a bildirib ki, dəniz suyunu udmaq müxtəlif xəstəliklərə səbəb ola bilər: "Deyirlər, dəniz suyu mikrob götürmür. Amma bu, səhv fikirdir. Əgər əraziyə mütəmadi olaraq kanalizasiya suları axıdılırsa, məişət tullantıları atılırsa, qida qalıqları suya qarışırsa, bu, insan sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Yaxşı olar ki, belə şəraitdə olan çimərliklərə girməyəsiniz. Əks təqdirdə bağırsaq çöpü, mədə-bağırsaq xəstəlikləri, zəhərlənmələr, dəri xəstəlikləri riski artır".
Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, dəniz mühitinin çirkləndirilməsi Cinayət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 252-ci maddəsinə görə, dəniz mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz mühitini çirkləndirmə 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
"Eyni əməllər insan sağlamlığına, heyvanlar və bitki aləminə, balıq və digər su bioresurslarına, ətraf mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara əhəmiyyətli zərər vurulmasına səbəb olduqda, 6 min manatdan 9 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" — Həmidli əlavə edib.
Hüquqşünas deyib ki, belə halla qarşılaşan hər kəs müvafiq qurumlara – polisə, ekologiya şöbələrinə, icra hakimiyyətlərinə müraciət etməlidir: "Dənizin çirkləndirilməsi həm də vicdan məsələsidir. Təəssüf olsun ki, bəzi insanlar elə hesab edirlər ki, dənizə sonuncu dəfə gedirlər. Buna görə də özlərindən sonra nə tullantı varsa, elə dənizin kənarında qoyub gedirlər. Bu da antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır. Belə halla qarşılaşdığınız zaman düşünmədən aidiyyatı qurumlara şikayət edin".