Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. Bu gün axşam saatlarında Qax rayonunun Qaratala kəndində 1977-ci il təvəllüdlü Abdullayeva Xalidə Nəzir qızı yaşadığı evin yaxınlığındakı meşədə intihara cəhd edib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, X.Abdullayevanın evdən əsəbi şəkildə çıxdığını görən anası şübhələnərək qonşuları köməyə çağırıb.
Qonşular qadının arxasınca getdikdə onun özünü meşədəki hündür ağacdan kapron iplə asdığını görüblər. Qonşular ağaca çıxaraq ipi kəsiblər və qadın başı üstə yerə düşüb.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadının həyatı xilas olsa da, bayğın olduğu, hələlik özünə gəlmədiyi bildirilir.
Hadisənin nədən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Qax rayon Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin 125-ci — "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.