BAKI, 20 iyul — Sputnik. Kütləvi informasiya vasitələrində, Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən "Əli qədəmgahı" ziyarətgahının ləğv olunması barədə məlumatlar yer alıb. Bildirilir ki, Suraxanı rayonu, Zığ qəsəbəsi "Əli qədəmgahı" ziyarətgahının qeydiyyatı, həmin ziyarətgahın təsisçilərinin 14 iyul 2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə ləğv edilib.
Qeyd edək ki, "Əli qədəmgahı" 8 may 2002-ci il tarixli 111 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun ləğv olunması barədə müvafiq sənədlər Dövlət Komitəsinə daxil olmayıb: "Bildiririk ki, sözügedən ziyarətgah Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 08.05.2002-ci il tarixdə, 111 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, "Xalq" qəzetinin 153 (28538) nömrəli, 19.07.2017-ci il tarixli sayında həmin dini qurumun 15.07.2017-ci il tarixli ümumi yığıncaqda 1 nömrəli protokolla ləğv olunması barədə elan verilib".