Eyyub Hüseynov: “İstehlakçılar öz hüquqlarından istifadə etməlidirlər”
"Azərbaycanda 20 növdən çox rənglənmiş və şirinləşdirilmiş içkilər satılır. Bura energetik içkilər, yerli istehsal və xüsusən də Gürcüstandan gətirilən mallar daxildir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, onların içərisində standartlara uyğun olanlar var, lakin əksər hallarda standartlara uyğun olmayan rənglənmiş içkilər satılır:
"Bu sərinləşdirici içkilərin əksəriyyətinin istehsalında süni rəngləyicilərdən istifadə olunur və insanlar bunu bilmir. Onların tərkibindəki dadverici, qoxuverici və rəng maddələri süni olur və bunlar da insanların sağlamlığında öz mənfi izini qoyur".
"İsti yay şəraitində kimyalaşmış bu cür içkilərin gün altında saxladılıb sonradan soyudulması da istehlakçıların sağlamlığına mənfi təsir göstərir. Əhali plastik qablara qablaşdırılmış rənglənmiş içkiləri alarkən çox diqqətli olmalıdır. İstehlakçıların hüququ var ki, malın sənədlərini və sertifikatını tələb etsin, onun harada və necə hazırlanması barədə məlumat əldə etsin. İstehlakçılar bu hüquqlarından istifadə etsinlər" — deyə Eyyub Hüseynov bildirib.