Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 19 iyul — Sputnik. Ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Püştətala kənd sakini, 1984-cü il təvəllüdlü Qurban Əli oğlu Alqayevin idarə etdiyi "Ford" markalı 99 DK 782 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə Balakən şəhər sakini, 1963-cü il təvəllüdlü Tofiq Əli oğlu Məcidovun idarə etdiyi BMW markalı 99 CG 855 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Qəzadan sonra yük maşının sürücüsü Qurban Alqayev xəsarət almasa da, BMW-nin sürücüsü Tofiq Məcidov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb. Tofiq Məcidovun sərnişini, Balakən rayonu Gərəkli kənd sakini, 1979-cu il təvəllüdlü Xalidə Qurban qızı Bodurova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən MRX-a aparılıb.
Balakən MRX-dan bildirilib ki, Xalidə Bodurova xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.