BAKI, 19 iyul — Sputnik. “Türkiyə, Azərbaycan və Türkmənistan arasındakı ticari əməkdaşlıqda azalma müşahidə olunur”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin IV üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, vəziyyəti müsbətə doğru düzəltmək üçün potensial var.
Çavuşoğlu deyib ki, Türkmənistanda keçiriləcək prezidentlərin zirvə görüşündə enerji məsələləri ilə yanaşı digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq.
Türkiyəli nazir həmçinin, erməni əsgərlərin açdığı atəş nəticəsində dünyasını dəyişən 2 yaşlı azərbaycanlı körpə haqqında da danışıb:
"Körpə Zəhra balamızın vəhşicəsinə qətlə yetirilməsinə görə Azərbaycan xalqına və dövlətinə başsağlığı diləyirəm. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Ermənistan silahlı qüvvələrinin işğala son qoyacağından sonra mümkündür. Bu məsələdə Türkiyə hər zaman Azərbaycanın yanında olacaq".
"2018-ci ildə Azərbaycanın 6 milyard kubmetr qazı Türkiyə bazarına çıxarılacaq". Bunu isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışı zamanı deyib.
"Çox maraqlı müzakirələr apardıq. Üçtərəfli görüş zamanı həm siyasi, həm də iqtisadi məsələlərə toxunduq. Hazırda 2018-2020-ci illəri əhatə edən Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığına dair “Yol xəritəsi” üzərində çalışırıq. Qarşıdakı ildə Azərbaycanın 6 milyard kubmetr qazı Türkiyə bazarına çıxarılacaq. Oradan da İtaliya bazarına ixrac ediləcək. Türkmənistan da cənub qaz layihəsinə marağı olduğunu açıqlayıb. Türkmənistan Azərbaycan və Türkiyə tərəfindən reallaşdırılan layihələrə maraq göstərir. Ələt və Türkmənbaşı limanlarının imkanları üst-üstə düşür. Gələn ildən 25 milyon tonadək yükdaşıma imkanlarından istifadə etmək olar" — Məmmədyarov bildirib.
Daha sonra söz alan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, tərəflərin Türkmənistanda keçiriləcək sammitlə bağlı hazırlıq işlərini müzakirə etdiyini deyib.
“Biz iqtisadi, siyasi və energetika sahələrində münasibətləri genişləndirmək niyyətindəyik. bu il ölkələr diplomatik münasibətlərin 25 illiyini qeyd edir və onlar bu münasibətlərin inkişaf etdirilməsində israrlıdır" — o, əlavə edib.
Sonda, Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul olunub.