Abşeron yarımadasının Qala kəndində unikal muzey kompleksi — açıq səma altında arxeoloji-etnoqrafik muzey kompleksi yerləşir.
1988-ci ildə "Qala" qoruğu yaradılıb, 2008-ci ildə isə Heydər Əliyev Fondunun dəstəyi ilə burada müəyyən işlər həyata keçirilib və qoruq arxeoloji-etnoqrafik kompleksə çevrilib.
Bu yer qoruq olaraq əbəs yerə seçilməyib. Burada 15-ci əsrdə tikilmiş qala mövcuddur. Sovet dövründə qalanın bir hissəsi dağıdılıb, lakin 2010-cu ildəki bərpa işlərindən sonra dağıntı aradan qaldırılıb. Qalanın altında yeraltı yollar və otaqlar mövcuddur. Həmin yollar Abşeron yarımadasındakı digər qalalara aparır.
Aparılan araşdırmalar sübut edir ki, Qala kəndi qədim sənətkarlıq və ticarət mərkəzlərindən olub. Burada çoxlu sayda müxtəlif dövlətlərə aid sikkələr tapılıb.
Sputnik Azərbaycan mütləq Qala kəndinə ekskursiya etməyi məsləhət görür. Burada tariximizin ruhunu duya və paytaxtın səs-küyündən uzaq qala bilərsiniz.