Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 18 iyul — Sputnik. 18 iyul 2017-ci il tarixdə Şabran rayonu Heydər Əliyev Mərkəzində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların qarşılanmasına həsr olunmuş tədbir keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin kollektivi, Rayon İcra Hakimiyyətinin nümayəndələri, həqiqi hərbi xidməti başa vuraraq ordudan tərxis olunan Şabran gəncləri Ümummilli lider Heydər Əliyevin mərkəzdə ucalan abidəsini ziyarət ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarşılanma tədbirini giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Ağabəyov qeyd edib ki, bu günə kimi rayonumuzda çağırış yaşlı gənclərin Milli Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə yola salınmaları qeyd edilib. Hərbi xidmətə gedən Şabranlı gənclərin hər zaman yüksək əhval-ruhiyyələri onların Vətənə, dövlətə sadiq olmalarının bariz nümunəsidir.
"Bu gün bura xidmətini başa vuraraq ehtiyata buraxılan əsgərlərin qarşılanma mərasiminə toplaşmışıq. Memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan və bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bütün çətinliklərə rəğmən inamla inkişaf edən Azərbaycan digər sahələrlə yanaşı, ordu quruculuğunda da möhtəşəm uğurlara imza atıb. 2016- cı ilin aprel hadisələrində əsgərlərimizin göstərdiyi şücaət və igidlikləri bunun bariz nümunəsidir" – deyə Ağabəyov bildirib.
Gənclərə müraciət edən Anar Ağabəyov deyib: "Siz müddətli həqiqi hərbi xidmətlərinizi şərəflə başa vuraraq ehtiyata buraxılmısız. Lakin vətənimizin 20 faiz torpaqlarının düşmən əsarətində olduğunu unutmayaq. Sizlərin vətən qarşısında borcunuzu yerinə yetirməyiniz təkcə hərbi xidmət keçməklə məhdudlaşmır, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən elan olunmuş səfərbərlik tapşırığına əsasən, ehtiyatda olan hərbi vəzifəli kimi tapşırıqların yerinə yetirilməsində də yaxından iştirak etməlisiniz. Səfərbərlik təlimləri, yoxlama toplanışları və digər çağırışlar zamanı dərhal çağırış yerinə gəlməlisiniz. Əziz gənclər, sizi bir daha vətən qarşısında müqəddəs borcunuzu şərəflə başa vurmağınız münasibətilə təbrik edir, gələcək həyatınızda uğurlar arzulayıram!"
Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısının müavini Fikrət Nuşiyev həqiqi hərbi xidmətini başa vuraraq evlərinə qayıdan gəncləri təbrik edib. "2016- cı ilin aprel hadisələri bir daha göstərdi ki, Azərbaycanın sarsılmaz ordusu, igid, qəhrəman hərbi qulluqçuları var. Aprel döyüşləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu zəfəri, sevinci bizə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında siz gənclər yaşatdınız. Biz sizinlə qürur duyuruq və fəxr edirik ki, sizin kimi gənclərimiz var" – deyə Nuşiyev bildirib.
Qarşılanma mərasimində rayon ziyalısı Tofiq Əmrahov, şəhid atası Sədulla Qasımov, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, həqiqi hərbi xidmətdən tərxis olunan Orxan Cəfərov çıxış edərək gənclərə ürək sözlərini çatdırıblar.